Milliyə heç bir faydası dəyməyən "Neftçi" və ya Kamran Quliyevin susduğu reallıqlar REPLİKA

15:27 - 28 Avqust 2021

Ötən gün milli komandanın baş məşqçisi Canni De Byazi yığma komandanın qarşıdakı oyunlar üçün yekun heyətini açıqlayıb. Təsəvvür edin ki, 25 nəfərlik siyahıda “Neftçi”dən yalnız bir nəfər yer alıb – Emin Mahmudov. 


Bəli, miskin mənzərədir. Ölkə çempionu “Neftçi”dən cəmi bir nəfər… 


Müqayisə üçün deyək ki, “Qarabağ” millidə doqquz nəfərlə təmsil olunur!


Bu yaxınlarda klubun televiziyasına geniş müsahibə verən “Neftçi”nin prezidenti Kamran Quliyev  xeyli məsələyə toxundu, medianı belə qınamağa vaxt tapdı, çox şeydən danışdı, amma nədənsə bəzi əsas məsələlərin üstündən səssiz keçdi. Əslində, Kamran Quliyevin “Neftçi”dən futbolçu kimi aylıq 10 min manat civarında maaş almağına dair mətbuatda tirajlanan dəlillərə aydınlıq gətirməsini gözləyirdi çoxu. Nədənsə, Kamran bəy bunu heç dilinə belə gətirmədi. Doğrudur, hər ittihama cavab verməyə lüzum olmur bəzən. Ancaq bu məsələdə ortada sənəd, sübut var idi axı…


Aşağı yaş qruplarına çox sayda oyunçu verməklərindən danışan Kamran Quliyev nədənsə əsas milliyə ver(mə)dikləri faydadan da danışmadı. Necə ola bilər ki, müstəqillik tariximizin bütün dönəmlərində millinin ya baza klubu, ya da ən çox oyunçu verən klublarımızdan biri olan “Neftçi” bu gün millidə yalnız bir futbolçuyla təmsil olunur. 


Avrokuboklarda Konfrans Liqasının belə qrupuna düşməyi bacarmayan, milliyə də xeyri dəyməyən “Neftçi” kimə və nəyə xidmət edir? 


DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, sentyabrın 4-də İrlandiya, sentyabrın 7-də isə Portuqaliya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti: 


Qapıçılar: Aydın Bayramov (“Sumqayıt”), Mehdi Cənnətov (“Zirə”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”);

 
Müdafiəçilər: Maksim Medvedev, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Toral Bayramov (hamısı “Qarabağ”), Təmkin Xəlilzadə, Sərtan Taşkın (hər ikisi “Zirə”), Höccət Haqverdi, Elvin Bədəlov (hər ikisi “Sumqayıt”), Azər Salahlı (“Keşlə”), Anton Krivotsyuk (“Visla”, Polşa);
 
Yarımmüdafiəçilər: İsmayıl İbrahimli, Qara Qarayev, Filip Ozobiç (hər üçü “Qarabağ”), Vüqar Mustafayev, Rəhim Sadıxov (hər ikisi “Sumqayıt”), Emin Mahmudov (“Neftçi”), Anatoli Nuriyev (“Kolos”, Ukrayna);
 
Hücumçular: Mahir Emreli (“Legiya”, Polşa), Namik Ələskərov (“Bursaspor”, Türkiyə), Əli Qurbani (“Sumqayıt”), Ramil Şeydayev (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna).

 

Həmid

Xəbər xətti