"Qarabağ"a görə çox sevindim. Düzünü deyim, onların “Aberdin”i səfərdə məğlub edəcəyini gözləyirdim. Qurban Qurbanovun komandası Şotlandiyada əsl gücünü, oyun fəlsəfəsini göstərdi, Bakıdakından da yaxşı oynadılar. "Qarabağ" rəqibini istənilən komponentdə üstələdi. Onların bu mövsüm də qruplarda mübarizə aparacağına görə sevindim".
Bu sözləri Sportal.az saytına açıqlamasında Borçe Xristov deyib.
Uzun illər Azərbaycanda çalışmış şimali makedoniyalı mütəxəssis "Qarabağ" haqda fikirlərini bildirib. Ağdam təmilçisinin keçmiş məşqçisi "Qarabağ"ın avrokuboklardakı uğurlu çıxışından söz açıb: "Qarabağ"ın arıdıcıl 8-ci il avrokuboklarda qruplarda oynamasına görə sevindim, bu rekordu. Komandanın uğurunun əsas səbəbi, futbola yanaşmaları və futbol fəlsəfəsidi. “Qarabağ”ın oynadığı sistemdən Avropada güclü komandalar da istifadə edir və doğru yerinə yetirildiyində nəticə verir. Sadəcə səbr etmək lazımdı. Afərin “Qarabağ”a, səbr etdilər, bir neçə il 2-3-cü yeri tutdular, daha sonra ardıcıl çempionluqlar gəldi. Əsas odur rəhbərlik və məşqçilər korpusu uzun illərdi birlikdə çalışırlar. Bu da “Qarabağ”ın uğurlu çıxışında öz sözünü deyir".
Xristov "Qarabağ"ın qrupdakı şanslarını dəyərləndirib: "Qrup həm nə güclüdü, həm də nə zəif. İstənilən rəqibi məğlub etmək mümkündü. Təbii ki, istənilən rəqib də səni məğlub edə bilər. Amma "Qarabağ"ın şansı var. Ümidvaram ki, ilk dəfə qrupdan çıxacaqlar. Doğrudu, bundan əvvəl "Qarabağ" 2-3 dəfə qrupdan çıxmağa çox yaxın olub. "İnter", "Dnepr", "Sent-Etyen"lə eyni qrupda olduqları vaxtda, bir də APOEL, "Sevilya", "Düdelanj"la rəqib olduqları vaxtlarda "Qarabağ" qrupdan çıxa bilərdi. Futboldu da, işləyib, gözləmək lazımdı. “Qarabağ”ın qrupdan çıxacağı vaxt da gələcək".
"Bakı", "Qarabağ", "Zirə" və Azərbaycanın aşağı yaş qruplarında çalışdıqdan sonra ölkəsinə yollanan Xristov hazırda Şimali Makedoniya yüksək liqasında çıxış edən "Boreç"i çalışdırır. Təcrübəli mütəxəssis ölkəsindəki işlərindən danışıb: "İşlərim normal gedir. “Boreç”də baş məşqçi işləyirəm, gənc komandam var, böyük təzyiq də yoxdu. Çünki gənc komandamız var və rəhbərlik daha çox gənclərə üstünlük verməyimi istəyir. 22-23 yaşlı futbolçular oynayır, ən yaşlı futbolçumuz 28 yaşındadı. Məqsədimiz futbolçularımızı daha güclü liqalara göndərməkdi. Ötən mövsüm 2003-cü il təvəllüdlü futbolçumuz var idi, Slovakiya klubuna satdıq. İndi də gənclərimiz var. Azərbaycanda, yoxsa Şimali Makedoniyada işləmək maraqlıdı? Hamısında işləmək maraqlı idi. Futboldasansa, işləyirsənsə, hər zaman maraqlıdı. Amma təbii ki, “Qarabağ” ən yüksək səviyyə idi".
"Bu mövsüm Azərbaycan çempionatı çox maraqlı olacaq. Çünki “Neftçi” və “Qarabağ” çempionluq mübarizəsi aparacaq. “Neftçi” ötən mövsüm 7 ildən sonra çempionluğu qazandı. Bu mövsüm isə həmin çempionluğu itirməmək üçün çalışacaq. “Qarabağ” da çempionluq üçün oynayacaq ki, titulunu qaytarsın. Amma mən çox istəyərdim ki, “Qarabağ” yenə çempion olsun” deyə, Xristov fikirlərini yekunlaşdırıb.