"Qəbələ" Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
- Zəfər Bayramı münasibətilə hamını təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı versin. Bizi ağır oyun gözlədiyini bilirdik. "Səbail" evdə məzmunlu oyun nümayiş etdirən əzmkar komandadı. Komandamızı həftə ərzində ağır oyuna hazırlayırdıq. Futbolçular xarakter göstərdilər. Düşünürəm ki, layiqli qələbə qazandıq. Ötən mövsüm bu stadionda oynayanda 2-3 futbolçumuz sıxıntı yaşamışdı. Getdikcə meydançanın halı daha da bərbad vəziyyətə düşür. Belə stadionda futbol oynamaq çox risklidi. Düşünürəm ki, "Səbail"in futbolçuları qəhrəmandı. Belə meydançada məşq edirlərsə, hər biri ayrı-ayrılıqda bir qəhrəmandı. Belə stadionda oynamağa icazə verilirsə, biz də Qəbələdə qar yağanda ev oyunumuzu Hacalı kəndində olan meydançada keçirə bilərik. Yaxşı olar ki, futbolçuları düşünək. Kənardan hər şey yaxşı görünə bilər, amma əziyyət çəkən futbolçulardı.
- İlk qolunuzun müəllifi olan Emil Səfərovu gələcək oyunlarda meydanda görə biləcəyik?
- Emil artıq bir ildi ki, bizimlədi. Futbolçu yeri qazanmalıdı ki, daim meydanda görə bilək. Söhbət cavan futbolçudan gedir. Yaydan bu yana Emil bizə çox yaxşı siqnallar verirdi. Gələcəkdə Emilin timsalında Azərbaycan futboluna yaxşı oyunçu bəxş edə bilərik.
- Hakimin qərarlarına çox etiraz edirdiz...
- Oyunun içində olur. Biz də stress yaşayırıq. Hər etirazımızı normal qarşılasınlar. Ümumi götürəndə hakim oyunu normal idarə etdi.
saytlarin hazirlanmasi