AFFA-nın texniki direktoru Cahangir Həsənzadənin təklifi klublar tərəfindən qəbul edilməyib. Onun limitlə bağlı düşüncələrinin qəbuledilməz olduğu vurğulanıb və geri çevrilib.
Sportal.az futbolinfo.az saytına istinadən xəbər verir ki, Klublar Komitəsinin bugünkü iclasında bir çox məsələlər müzakirə olunub. Onlardan biri də gənc oyunçu limitinin yenilənməsiylə bağlıdı. Həsənzadənin təklifinə əsasən, yeni mövsümdən yaş həddinin daha da azaldılması və bu barədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası üçün məsələ qaldırılması istənilirdi. Cahangir bəy yeni mövsümdən limit yaşının daha da azaldılmasını, 2002-ci il təvəllüdlülərin və daha gənclərin start heyətinə salınmasını məsləhət bilirmiş. Belədə protokola daha bir nəfər 2004-cü il təvəllüdlü və daha gənc birinin adı salınmalıydı.
Xatırladaq ki, hazırda limit belədi:
“6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 2000-ci il doğumlu və ya daha gənc Azərbaycan vətəndaşı). Matçın protokolunda 2002-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləqdir”.
Həsənzadə limit oyunçusunun yaşının birdən-birə 2 yaş azaldılmasını istəyib ki, bu da qəbulolunmazdı. Əvvəla, ona görə ki, klublar qəfil qərara hazır deyil, qarşıdakı mövsümlərinin heyətini hazırkı limitə görə formalaşdırıb. İkinci səbəb isə daha məntiqlidi. Klublar belədə hazırda şans verdikləri 2000-ci il təvəllüdlüləri məcburən kənara atmalıdılar. Belə olduqda onların inkişafı dayanacaq, bir nəsil bundan zərbə alacaq.
Klubların əksəriyyətinin narazılığı üzündən bu təklifin İcraiyyə Komitəsinə təqdim edilməməsi məsləhət bilinib.