Türkiyənin Antalya şəhərində yaşayan həmyerlimiz 21 yaşlı Emil İsrafilov mini-futbol matçlarında qapıçı dayanmaqla pul qazanır.
Sportal.az xəbər verir ki, futbol qarşılaşmalarında icarəyə götürülən Emil qolkiper kimi etdiyi seyvlərə görə ödəniş alır.
Yaşının az olmasına baxmayaraq, 14 ilini futbolla keçirən İsrafilov həm futzal, çimərlik futbolu, mini futbolla maraqlanır, həm də dolanışıq üçün qapıçılıqla məşğul olur.
Futbola başladığı ilk illərdə qapıçı olmadığını deyən Emil səhhətindəki narahatlıqdan sonra meydana qolkiper kimi qayıdıb.
Futbol sevgisini dolanışıq mənbəyinə çevirən gənc qolkiper yaxşı çıxış etdiyi matçlarda mükafat alır, zəif oynadığı matçlarda isə meydanı ödənişsiz tərk edir.
Kirayə qapıçı durmağa Bakıda başlayan Emil Türkiyədə hələ tanınmadığını bildirib:
“Burada çox tanınmadığım üçün həftədə iki-üç matçım olur. Amma xatırlayıram ki, Bakıda oynayanda həftədə 15-20 matçım olurdu. Əvvəllər gündə iki-üç matç keçirirdim”.
Emil əlavə edib ki, qapıçı durmağım məsuliyyəti ağırdır:
“Bu işdən pul qazanmaq da məsuliyyəti artırır. Birindən oyundan sonra pul alırsansa, yəni səni icarəyə götürürsə, onsuz da bunun məsuliyyətini üzərinə alırsan. Bəzən oyunlarda səhvlərim olur. Hər insanın, hər oyunçunun səhvləri ola bilər. Bir dəfə Bakıda 50 manat məvaciblə oyuna dəvət etmişdilər, həmin matçda qol buraxmadım və 100 manat verdilər.
Niyə bu qədər artıq verildiyini soruşdum, “premiya” dedilər. Bəlkə də, həyatımdakı ən uğurlu oyunlardan biri idi. Bir oyunda da yenə 50 manat veriləcəkdi, amma həmin qarşılaşmada narahat idim deyə zəif çıxış etmişdim və çox utandım. Çünki qurtara biləcəyim qollar vurulmuşdu, ona görə pul almadım”.
Emil Türkiyədə isə bir oyuna görə 50-100 arası Türkiyə lirəsi alır. (Qafqazinfo)
saytlarin hazirlanmasi