Polşada legioner həyatı yaşamış azərbaycanlı futbolçuların sayı çox deyil. Bu ölkədə legioner həyatı yaşamış futbolçularımızdan biri də Saşa Yunisoğludu. "Diskoblia" və "Poloniya"da oynamış Saşa Sportal.az saytına müsahibəsində Mahir Emrelinin "Legiya"dakı çıxışı barədə danışıb.
- “Legiya” hazırlığını BƏƏ-də davam etdirsə də, Mahir Dubayda deyil. Onun hazırlıqdan uzaq qalması, Varşava klubunda qalmayacağı anlamına gəlir?
- Bu məsələ artıq çox uzandı və çox dərinliyə getdi. İnanmıram ki, Mahir bundan sonra “Legiya”ya qayıtsın. Çox güman ki, Mahirin tək “Legiya” yox, ümumiyətlə, Polşa səhifəsi bağlandı.
- Futbolçu Bakıya qayıtdığı gündən bu yana daha çox şou tipli verilişlərdə qonaq olur. Bu, Emrelinin karyerasına necə təsir edəcək? Fikrini daha çox futbola versə, daha yaxşı olmazdı onun üçün?
- Bu məsələdə Mahirdə günah görmürəm. O, onu dəvət edən kanallara, jurnalistlərə, qeyri-idman mediasına, şou-biznes adamlarına "yox" deya bilmir. Çünki "yox" desə, deyəcəklər ki, Mahir artıq özünü ulduz hesab edir. Ona görə da o, bəzi verilişlərdə iştirək edir.
- Səncə, səbəb budu?
- Axı, hazırda ölkəmizin ən populyar idmançılarından biri də məhz Mahirdi. Bəzi kanallar da öz reytinqini yüksəltmək üçün Emrelini verilişlərinə dəvət edirlər.
- Mahir Emrelinin “Sivasspor” və “Başakşəhir”ə keçidi gündəmdədi. Necə düşünürsən, Mahir Superliqada oynaya biləcək gücdədi?
- Mahirin potensialı nəinki Türkiyədə, həm də digər, daha güclü çempionatlarda oynamağa imkan verir. İnanıram ki, belə də olacaq. Təki, karyerası üçün Azərbaycana qayıtmasın. Hazırda klublar təlim məşq toplanışında və ya çempionat oyunlarında iştirak edir. Mahir isə fərdi məşqlərlə kifayətlənir. Bu, böyük problem yaratmayacaq. Sadəcə yeni klubuna uyğunlaşması üçün biraz çox vaxt gedəcək. Təki, “Legiya” məsələsi tez bir zamanda həllini tapsın və Mahir yeni klubuna qoşulsun. Çünki milli komandamız üçün Mahir kimi futbolçu çox önəmlidi.
- Mahirin karyerasının yaxşı getdiyi bir vaxtda, adından söz etdirdiyi zamanda hansı səhvi oldu ki, durum hazırda belədi?
- Mahirin heç bir səhvi yoxdu. Bu məsələdən çıxış yolu 2 cürdü - “Legiya”ya qayıdıb futbola davam etmək, ya da oradan ayrılmaq. Mahir də 2-ci variantı seçib. Bizə də bu işin içində olmadığımıza görə deyə bilmərik ki, onun verdiyi qərar düzdü, yoxsa yox. Mahir peşəkar futbolçudu və karyerası ilə bağlı addımı atanda, əminəm ki, 1000 dəfə fikirləşib qərar verir.
saytlarin hazirlanmasi