"Qəbələ" Azərbaycan Premyer Liqasının 16-cı turunda doğma meydanda "Səbail"i 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun çətin keçəcəyini bilirdik. "Səbail" sonuncu pillədə olmasına baxmayaraq, komanda hər an təhlükə olaraq qalır, meydanda sürpriz edə biləcək gücdədir. Komandanı ağır oyuna hazırlayırdıq. Bilirdik ki, futbolçular qələbə qazanmaq üçün oyuna maksimum fokuslanmalıdır. Düşünürəm ki, komandam verilən tapşırığı yerinə yetirdi və layiqli qələbə qazandı.
- Asif Məmmədovun ehtiyatda qalmasının səbəbi nə idi?
- Asif mənim üçün ən önəmli futbolçulardan biridir. Ümumi götürsək, bütün oyunlarda da iştirak edib. Sadəcə bu günkü oyunda həm taktiki, həm də istirahət baxımından onu qorumaq istədik. Ona görə də matça ehtiyatda başladı. Zədəsi də çox ciddi deyil. İnanırıq ki, qarşıdakı günlərdə komanda ilə məşqlərə qoşulacaq.
- İlk hissədə "Qəbələ"nin üstünlüyü var idi. Amma sanki, hücumda aqressivlik çatmırdı. Bunun səbəbi nə idi?
- İlk hissədə də 4-5 real qol imkanımız oldu. Onları dəyərləndirə bilsəydik, oyuna fərqli baxacaqdıq. Futbolda hər epizodu dəyərləndirmək mümkün deyil. Amma istədiyimi meydançada görürdüm. Komanda nə etmək istədiyini bizə göstərirdi.
saytlarin hazirlanmasi