Şəmkir futbolunun yetirmələrindən olan Rövşən Əmiraslanov Sportal.az saytına müsahibə verib. Vaxtilə “Şəmkir”, “İnter”, “Qəbələ” kimi iddialı klublarda oynamış Əmiraslanov müsahibəsində hazırki fəaliyyətindən və Şəmkir futbolunun durumundan söhbət açıb.
- Hazırda nə işlə məşğul olursan? Futboldan uzaq qalmısan deyəsən….
- Xeyr, futbolsuz deyiləm. Futbol oynamasam da, uşaq futbolu ilə məşğulam. UGİM-də müəllim kimi işləyirəm. Özümüzün mini-futbol meydançası var. Əlavə olaraq, orada da uşaq hazırlayıram.
- Şəmkirin futbolsuz qalması yəqin ki, daha çox bu rayonun yetirmələri üçün üzücüdü. Səncə, nəyə görə rayon böyük futbolsuz qalıb?
- Təbii ki, böyük futbolun olmaması bizi üzür. Bizim qədər yerli azarkeşlər də buna üzülür. Ümid edirik ki, yaxın gələcəkdə Şəmkirə böyük futbol qayıdar. Ümidlə yaşayırıq.
- Qərb bölgəsindən "Turan Tovuz" və "Kəpəz" Premyer Liqaya qaytarıldı. Necə düşünürsən, "Şəmkir"in də Premyer Liqaya qaytarılması yaxın gələcəkdə baş verə bilər?
- Çox ümid edirik ki, Şəmkir haqda da fikirləşib, belə addım atarlar. Adını çəkdiyiniz klublar haqda isə çox düzgün qərar veriblər. Gecə də olsa, bu iki klubun Premyer Liqaya qaytarılması doğru idi. Biz də ümidlə yaşayırıq ki, Şəmkir üçün belə qərar verərlər, Şəmkirə də günəş doğar. Qərb bölgəsində futbol yox idi. Ən azından Tovuzla, Gəncənin Premyer Liqada olması çempionatımızı daha maraqlı edəcək. Onları təbrik edib, uğurlar arzulayıram. Ən azından birinci diviziondan başlamaq olardı.
- “Şəmkir”in oyunlarını keçirdiyi stadion da dağıdılmış vəziyyətdədi. Ümumiyyətlə, yaxın neçə ildə Şəmkirə böyük futbolun qayıdacağını ümid edirsən?
- Açıq danışım, yaxın gələcəkdə böyük futbolun Şəmkirə qayıdacağına inanmıram. Bu, real görünmür. Amma ən azından birinci divizion səviyyəsində klub yaratmaq olar. Köməkçi stadionumuz var. Olimpiya kompleksində oyunları keçirmək olar. Premyer Liqaya qayıtmağa gəldikdə, gəlin, özümüzü aldatmayaq. Çox heyf ki, "Şəmkir" kimi komanda Premyer Liqada yoxdu. Ümid edək ki, möcüzə başa verəcək və "Şəmkir" Premyer Liqaya qayıdacaq.
- Şəmkirdən olan iş adamları futbolun bu rayona qayıtmağında maraqlı deyil? Ya ümidiniz elə ancaq AFFA-dı?
- İmkanlı şəxslər arasında futbolu sevən, kömək etmək istəyənlər çoxdu. Sadəcə olaraq, dərinliklərini bilmədiyimiz işlər var. Onlara görədir, ya nədir, bilmirəm. Tanıdığımız insanlar var ki, komanda yaratmağa cəhd etdilər, bilmirəm onlara nə mane oldu ki, fikirlərindən daşındılar. Təbii ki, istəyənlər çoxdu. Yollarını bilmirlər, ya nədirsə, onlardan olur. Hər dəfə söhbət qabardılır, sona gəlib çatmırlar. Təbii ki, AFFA-dan da dəstək gözləyirik. Şəmkirin futbolsuz qaldığı dönəmdə də kömək etmişdilər. Heç olmasa komanda birinci divizionda ayaqda qalmışdı. Sadəcə məlum məsələlər var. Burada həmin söhbətləri yada salmaq istəmirəm. Məlum məsələlərə görə "Şəmkir" getdi birinci diviziondan da. Bəzi məsuliyyətsiz insanların ucbatından belə oldu. Yenə də AFFA-dan dəstək gözləyirik. Ən azından birinci divizion səviyyəsində komanda yaradaq. Düzdü, Region Liqası səviyyəsində uşaqlar özü komanda yaradıblar. Onlara da maliyyə lazımdı. Çünki yol xərci, geyim dəstləri, inventarlar var. Özləri nəsə etməyə çalışırlar. Amma bu, futbol və idman üçün çıxış yolu deyil. Hamımız yaxşı bilirik ki, invertarlar lazımdı. Bunlar yüksək səviyyədə olmayanda inkişafdan danışmaq yersizdi. Ümid edirik ki, AFFA kömək edər, həmin məsələyə yenidən baxıb günahı olanlar varsa da, onları bağışlayarlar. Sonda da Şəmkir futbola qayıdar.
- Karyeranın ən yaxşı vaxtlarında “İnter” və “Qəbələ”də oynamışdın. Həmin vaxtları necə xatırlayırsan?
- Hər iki komanda mənim üçün doğma və əzizdi. Hər ikisi futbolçunun arxasında dayan klublar olub. “İnter” mənim üçün daha uğurlu olub. Orada çempionluq qazanmışam, “Birlik kubolku”nun qalibi olmuşam. Çox yaddaqalan komandalar idi. "Qəbələ" də mənim üçün doğmadı. Onların peşəkarcasına futbolçunun arxasında dayanmaqları yadımdadı. Orada zədələnmişdim, sona qədər bərpa etdilər bunu. Hətta yadıma gəlir, müqaviləm bitmişdi, gətirdilər yeni müqaviləni qarşıma qoydular ki, burada zədələnmisən, sağalıb başqa kluba rahat gedərsən. İnanmıram ki, hər komanda futbolçuya bu jesti etsin. "Qəbələ"yə təşəkkür edirəm. Orada da sağaldım, başqa kluba getdim. Hər iki klubda gözəl xatirələr olub.
- Necə düşünürsən, əvvəlki çempionatın səviyyəsi daha yüksək idi?
- Yaxşı sualdı. Hərə öz oynadığı vaxtın daha güclü, daha səviyyəli olduğunu deyir. Amma həqiqətən də 2011-2012-ci illərdə komandaların hamısı güclü idi. Arada-bir çempionatımızın oyunlarına baxıram. Vallah əvvəlki maraq, əvvəlki futbolçular, cavanlar yoxdu. Fikirləşirəm ki, bir az məşq etsəm, mən də çıxıb indiki çempionatda oynayaram.
- Karyeranın ən yaxşı durumunda belə, Azərbaycan millisinə cəlb edilmirdin. Bunun xüsusi səbəbi var idi?
- Bu sualı Berti Foqtsa vermək lazımdı. Şükür Allaha çıxdı getdi. "İnter"də yaxşı oynadığım dönəmlərdə "Xəzər TV"yə müsahibə vermişdim. Təcrübəsizlikdən idi, ya cavanlığımdan milliyə cəlb olunmamağıma sərt şəkildə reaksiya vermişdim. Demişdim ki, çağırsınlar baxsınlar, kimdənsə zəif olsaq, bir də dəvət etməsinlər. Dediyim sözlər də deyəsən, Berti Foqtsun xoşuna gəlməmişdi. Buna görə də məni siyahıdan birdəfəlik silmişdi. Bir-iki dəfə dəvət etdilər toplanışa. Ancaq həmin sözlərimdən sonra bir daha çağırmadılar. Mən oynadığım vaxtlarda, 2011-2012-ci illərdə həqiqətən ən yaxşı formada idim. Millidə rahatlıqla oynayardım. Sadəcə olaraq, Berti Foqtsun üslubu fərqli idi. Çağırmırdı da.
- Maraqlıdı, “Neftçi” və “Qarabağ”a keçmək ehtimalın olmuşdu? Olubsa da, niyə imtina etmişdin?
- “Neftçi”dən yox, amma “Qarabağ”dan təklif olmuşdu. “Xəzər Lənkəran”, “Qarabağ”, “Qəbələ”dən təklif almışdım. Rasim Karanın vaxtında idi. Lənkərana gedərək orada onlarla söhbət də etdik. Rəşad Sadiqovla birlikdə getmişdik. "Qarabağ"la razılaşmamağım üçün isə çox peşman olmuşam. “Qəbələ”yə getməyimə peşman deyildim. Yalnış anlaşılmasın. Sadəcə belə alınmışdı.
Mirbağırağa
saytlarin hazirlanmasi