"Fransa yığmasının baş məşqçisi ilə ünsiyyətdəyəm, indinin özündə də oyunumuz haqda böyük hörmətlə danışır" - MÜSAHİBƏ

14:56 - 22 Avqust 2022

Azərbaycanın U-21 yığmasının sabiq baş məşqçisi Milan Obradoviç Sportal.az saytına müsahibə verib. Dörd ilə yaxın ölkəmizdə çalışmış serbiyalı mütəxəssis bu müddət ərzində gördüyü işindən danışdı. Bununla yanaşı o, “Qarabağ”ın Çempionlar Liqasında qrupa düşmək şanslarını da dəyərləndirib.

- Hazırda Azərbaycan futbolunun əsas diqqəti “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki cavab oyununa yönəlib. Bakıda “Viktoriya”ya qarşı matçı izlədiniz?
- Bəli, oyunu izlədim. "Qarabağ"ı Çempionlar Liqasının birinci mərhələsindən izləyirəm. Onların oyundan-oyuna necə inkişaf etdiyini hamı görür. Ona görə də, “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə düşməsindən cəmi bir oyunun ayırması heç kimdə şübhə doğurmur. "Qarabağ"ın keyfiyyəti var. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq və daha bir 90 dəqiqəni eyni səviyyədə keçirmək üçün “Qarabağ”a səbr lazımdı. Qurban Qurbanovun komandasının nümayiş etdirdiyi futbol göz önündədi. Onlar ən layiqli komandadı. ÇL-in qrupuna düşərək, adlı-sanlı komandaları Azərbaycana gətirmək də futbolunuz üçün əla olardı.

- Sizcə, nəyə görə “Qarabağ”dan savayı digər klublar avrokuboklarda qruplara düşə bilmir, onlar kimi böyük uğurlar qazana bilmir?
- Məncə, bu, bir-iki il sonra baş verər. "Qarabağ" da dünən yaranmayıb. Təbii ki, onlar digər klublar üçün yaxşı nümunədi. Bu, asan məsələ deyil. Oyunçu qrupunu tapmaq, ildən-ilə inkişaf etdirmək çətin məsələdi. "Qarabağ" isə bunu bacarır. İlk dəqiqədən də oyunları alınır. Uzun müddətdir ki, onlar birlikdədilər, hər il 1-2 yeni oyunçu gəlib komandanı gücləndirir. Digər komandalarda da hər şeyin yaxşı gedəcəyinə və inkişaf edəcəklərinə inanıram. Əminəm ki, Azərbaycan klubları da avrokuboklarda da özlərini göstərəcəklər.

- “Qarabağ”ı Serbiyanın iki əsas komandası – “Srvena Zvezda” və “Partizan”dan daha güclü hesab edirsiniz? 
- "Qarabağ"la "Srvena Zvezda" və "Partizan" arasında elə-belə müqayisə apara bilmərəm. Allah qoysa, "Qarabağ" və "Srvena Zvezda" Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanar. Bəlkə də hər ikisi eyni qrupda mübarizə aparası oldu. O zaman baxarıq, necə olur. Bu klubları nəyə görə müqayisə edə bilmərəm? Çünki Serbiyada komanda sayı çoxdu, Azərbaycanda azdı. Dörd ildir ki, buradayam və demək olar hamını tanıyıram. Serbiya futbolundan isə bir az uzaq düşmüşdüm. Amma "Qarabağ"ın "Srvena Zvezda" və ya "Partizan"la oyunları çox maraqlı alınardı. Çünki "Qarabağ", "Srvena Zvezda" və "Partizan"ın oyun stilləri demək olar ki, eynidi. Hər üç klub da topa sahib olmağı çox sevir.

- U-21 yığmamızda çalışdığınız dönəmdə daim tənqid edilirdiniz. Buna necə yanaşırdınız? Ümumiyyətlə, futbolumuza hər hansı kömək etdiyinizi düşünürsünüz?
- Tənqid işimin bir parçasıdı. Yaxşı oynayanda, qalib gələndə necə tərifləyirlərsə, məğlubiyyətdən sonra tənqid də oluna bilərsən. Normal tənqid hər zaman yaxşıdı. Ona görə də buna hər zaman normal yanaşmışam. Mən öz işimi seçmişəm və işimi də sevirəm. Dörd il Azərbaycanda çalışdım və bir çox işlərimə görə fəxr edə bilərəm. İşimizin nəticələrini indi görmək mümkündü. Məsələn, Premyer Liqanın ilk turunda "Şamaxı" - "Neftçi" oyununa baxdım. Meydanda olan oyunçuların neçəsi, aşağı yaş qruplarından keçib? Həmin futbolçuları gördüm və buna görə sevindim. Demək ki, doğru yolda olmuşuq. İkincisi, bir çox futbolçunun A milliyə yolu açıldı, indi də namizəddilər. Az-az oynayan futbolçular bizim vaxtımızda özünəinam qazandılar. Futbolçularımız inkişaf etməlidi. Mənim əsas məqsədim futbolçuların inkişaf etməsi, irəliyə addım atmasıydı. Bu, Azərbaycan futbolu üçün önəmlidi. Azərbaycan futboluna necə və nə ilə kömək olduğumu deməyim, doğru çıxmaz. A milliyə gedən oyunçular oldu. Yığma ilə tarixi qələbə qazandıq. Bizə qədər heç kim 5:0 hesabı ilə qalib gəlməmişdi. Amma biz səfərdə Estoniyani dediyim hesabla məğlub etdik. Hazırda hansısa komandanı 5:0 məğlub etmək asan deyil. Bizim futbol üçün vacibdi. Bu da məni sevindirən məqamlardandı. Norveç, Finlandiya, İsveçrə, Fransa U-21 yığmalarının baş məşqçiləri ilə ünsiyyətdəyəm. Onlar bizim oyunumuz barədə indinin özündə də böyük hörmətlə danışırlar. Bu da məni çox sevindirir.

- Serbiyanın U-17, U-19 yığmaları və Azərbaycanın U-21 yığmasında çalışmısınız. Bu iki ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında necə müqayisə aparardınız?
- Bəli, Serbiyanın U-17, U-19 yığmalarında çalışmışam. Dediyiniz məsələ haqda saatlarla danışmaq olar. Vacib müqayisə oyunçu seçimidi. Serbiyanın U-17 və U-19 yığmalarındakı seçimlərə baxın, bir də Azərbaycanın seçimlərinə nəzər edin. Bəlkə də arada 10 dəfə fərq var. Keyfiyyət və kəmiyyət baxımından seçimlər fərqlidi. Elə məhz bu məsələdə Serbiya və Azərbaycanın U-17, U-19 yığmaları arasında fərq böyükdü. Doğrudu, Azərbaycanda da yaxşı futbolçular var. Amma Serbiyadakı kimi sayı çox deyil. İslamiadada da çıxış edən Azərbaycanın U-23 yığmasına baxın. Bir neçə futbolçu getmədi, komandaya isə gənclər cəlb etmək lazım idi. Futbolçu tapmaqda çətinlik çəkdilər. Serbiyada da isə bu cür hadisə çətin ki, yaşasın. Çünki Serbiyada futbolçu çoxdu. Məhz bu əsas fərqdi. Qalan məsələləri isə uzun-uzun müzakirə edə bilərik.

- Azərbaycanın U-21 yığması ilə daha yaxşı işlər görmək mümkün idi?
- Azərbaycanda yaxşı futbolçular çoxdu. Onlarla işləmək xoş idi. Burada hansısa komandanı məğlub etmək, xallar yığmaq da asan deyil. Komanda iki ildən-bir dəyişir, futbolçular da həmçinin. Yığmamızda nəyin çatışmadığına indi nəzər salsaq, görərik ki, eyni heyətlə oynaya bilməməyimiz əsas problemimiz olurdu. Ən yaxşı futbolçularımız tez-tez A milliyə gedirdi. Onların sayı 4-5 idi. Düzdü, buna sevinirdim. Çünki onlar A milliyə gedən yolu tapmışdılar. Amma sevinmədiyim məqam o idi ki, axı onlar bizim aparıcı oyunçularımızdı. Yəni oyunlarda bizə kömək ola bilərdilər. Futboldur da, qalib gəlirdik, uduzurduq, bəzən heç-heçəni qoruyub-saxlaya bilmirdik. Bunlar hamısı dərin analizlərdi, zaman lazımdı. Əsas odur ki, “Qarabağ” və Azərbaycana görə sevinirəm. Avropa və dünya hər şeyi görür. Allah qoysa, “Qarabağ” Çempionlar Liqasının qrupuna düşər və Bakıya “Mançester Siti”, “Liverpul”, “Barselona”, “Bavariya” kimi komandalar gələr. Bunlar çox önəmlidi.

Mirbağırağa

Xəbər xətti