"Kəpəz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:
- Komanda yenə iki fərqli hissə oynadı. Birinci hissədə daha istəkli, hücumameyilli oynadıq. Əvvəlki matçlarda olduğu kimi sanki ikinci hissədə arxayınlıq yarandı. Hesabda 1:0 öndə olarkən penaltinin dəyərləndirilməməsi bəlkə də qırılma nöqtəsi oldu. Artıq 10-cu oyundur ki, buradayam. Son üç matçda komanda ikinci hissədə geri addım atır. Bunun da səbəbləri var. Bu gün məğlub olmamalı idik. İlk hissədə penalti icra olunsaydı, fərqli nəticə əldə edərdik. İkinci hissədə komandam oyunu rəqibə verdi. Kubokda şanslar bərabərdi. Qarşıda cavab görüşü var. Çalışacağıq ki, məsələni öz xeyrimizə həll edək. Komandaya yeni futbolçular cəlb olunmalıdır. Bəzi oyunçularda mövqeyində alternativ olmadığı üçün arxayınlıq var. Hücumda aqressivlik çatmır. Buna görə də ikinci hissədə müdafiədə problem yaşayırıq. Top irəlidə qalmır. Rəqib bizi əks-hücumda tutanda müdafiədə boşluqlar veririk.
- Komandanızda penalti vuran Tural Axundovdur, yoxsa o, öz istəyi ilə topa yaxınlaşdı?
- Tural "Kəpəz"də uzun illər oynayıb və penaltilər icra edib. "Neftçi"də oynayarkən də 11 metrlik zərbələri yerinə yetirib. Məşqlərdə də icra edib. O, daha keyfiyyətlidir. Turalla Ayzayaya tapşırmışdım. Hansı özünü hazır hiss edirsə, o da vurmalıdır. Bu gün Azərbaycan futbolunda ştatlı penaltiçi heç bir klubda yoxdur. Qarşı tərəfdə də insan amili var, qapıçı da insandır. Dünya çempionatında da gördük ki, İspaniya kimi bir komanda penaltiləri icra edə bilmir. Bu, hər yerdə olur.
Elçin Əlixan
saytlarin hazirlanmasi