Elmar Baxşıyev: "Hər iki turnirdə uğurlu ola bilərik"

18:40 - 19 Dekabr 2022

"Qəbələ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

 

Sportal.az xəbər verir ki, matrçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb: 

 

- Bilirdik ki, ağır oyun olacaq. İki həftə ərzində "Qarabağ"la üçüncü matça çıxdıq. Komandanı motivasiya etmək, mikrozədələri bərpa etmək böyük güc tələb edir. Məşq prosesində komandam xarakter göstərirdi. 90 dəqiqə layiqli mübarizə apardıq. Komandam "Qarabağ"a qarşı sona kimi vuruşdu.


- Kubokda ən ciddi rəqibi mübarizədən kənarlaşdırdız. Avrokuboklara vəsiqə qazanmaq üçün çempionata, yoxsa kuboka önəm verəcəksiz?

- İndi nə mən, nə də komanda bu haqda düşünmür. Ən önəmlisi bu matçın həzzini çıxarıb, çempionatdakı sonuncu görüşə hazırlaşmaqdır. Çalışacağıq ki, hər iki turnirdə uğurlu olaq. 


- Hesabda öndə olarkən meydana hücumameyilli oyunçular buraxdınız. Bunun səbəbi nə idi?

- Heyətimiz geniş deyil. Rövlan Muradovu müdafiəçi kimi oynatdıq. Əvəzetmələr məcburiyyətdən edilir. Ehtiyat oyunçular skamyasında lazım olan mövqeni dolduracaq futbolçular yoxdur. Amma komanda olaraq narahat deyilik. Kollektivin xarakteri var. bunu dəfələrlə göstəriblər.

 

- Heyətinizin geniş olmaması baş məşqçi olaraq sizi narahat etmir?

- Ümidli olmağa çalışırıq. Ümidsiz işləməyə dəyməz. Akakpa zədəsini sağaldıb kollektivə qoşulandan sonra rəqabətli komanda olacağıq. Amma transferlər də olsa, çox sevinərəm. Çempionat uzundur. Buna görə də ehtiyat oyunçular skamyası geniş olmalıdır. 


- Rüfətlə Akakpo nə vaxt komandaya qoşulacaq?

- Akakpo bizimlə fərdi məşq edir. Ümidliyik ki, təlim-məşq toplanışında o da iştirak edəcək. Rüfətin isə fevral ayından sonra komandaya qoşulmağı gözlənilir.

 

- Növbəti mərhələdə "Sabah" - "Səbail" cütünün qalibi rəqibiniz olacaq. Kiminlə qarşılaşmaq istəyərdiz?

- O haqda düşünməmişik. Layiqli mübarizə aparsaq, hər iki turnirdə uğurlu ola bilərik. Bu komandanın potensialı ona imkan verir.


- Emil Səfərov son matçlarda yaxşı çıxış edir. Artıq onun əsas heyət üzvünə çevrildiyini düşünmək olar?

- Hələ inkişaf etməlidir. Emilin potensialı var. Hələ pik formasına çatmayıb. Yaxşı futbolçuya çevrilmək üçün üzərində çox çalışmalıdır.

 

Elçin Əlixan

Xəbər xətti