Tərlan Əhmədov: "Hakim o penaltini necə verməyə bilərdi?"

16:45 - 20 Dekabr 2022

"Kəpəz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edərək turnirdə mübarizəni dayandırıb.


Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Təraln Əhmədov açıqlama verib:

 

"Maraqlı oyun izlədik. Evdə uduzmağımız komandanın üzərində kiçik təzyiq yaradırdı. İlk dəqiqələrdən hiss olunurdu ki, həyəcan və inamsızlıq var. Oyunun əvvəllərində iki qol buraxsaq da, geridönüş edə bildik. Qalib də gələ bilərdik. "Turan Tovuz" və "Kəpəz" adına gözəl futbol, gözəl mübarizə getdi. Son dəqiqədə verilməyən penalti epizoduna dəfələrlə baxdıq. 100 faiz penalti var idi. Hakim onu necə verməyə bilərdi... Bu, bizim üçün də sual doğurur. Artıq keçmişdə qaldı, kubok bizim üçün bitdi. İndidən ayın 25-də oynayacağımız "Zirə" ilə çempionat oyununa hazırlaşmalıyıq. Geridönüş edib, yaxşı mübarizə göstərdiyinə görə komandama təşəkkür edirəm.

 

- Komandanızın oyunundan razı qaldız?

- Mən hər zaman eyni fəlsəfəni yeritmişəm, aqressiv və hücum oyunu. Müdafiədə ehtiyatlı oynayırdıq. Amma buraxdığımız iki qol, evdəki məğlubiyyət komandanı çətin duruma salmışdı. Evdə qalib gəlsəydik də, öz oyun fəlsəfəmizdən qaçası deyildik. Çünki mən bu günlə yaşamıram, komandanın gələcəyi mənim üçün maraqlıdır. Müdafiədə oynamağı xoşlamıram. Fəlsəfəmi də dəyişəsi deyiləm. Ümid edirdim ki, komandam yaxşı oyunla qalib gələcək. Heç vaxt ümidsiz olmuram.

 

- Qışda transferlər gözlənilir?

- Bir oyun qalıb. Siyahım rəhbərliyə təqdim edilib, danışıqlar da gedir. Komandaya yeni nəfəs gəlməlidir, cavanlaşmalıdır. "Kəpəz"ə öz komandasında əsas heyətə düşə bilməyən 21 yaşlı potensiallı oyunçular cəlb olunacaq. Akademiyamızda da cavanlar var, onları əsas komandaya cəlb etmişik. Qış fasiləsində gedənlər də, olacaq. Siyahıya əlavələr də ola bilər. Nəzərimizdə yerli və əcnəbilər var. Danışıqlar gedir.

 

Mirbağırağa

Xəbər xətti