Tərlan Əhmədov: "Qumarı çıxaranın Allah bəlasını versin"

21:26 - 31 Yanvar 2023

"Kəpəz" Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində səfərdə "Səbail"ə 0:1 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

 

- Maraqlı oyun izlədik. Gəncədən gəlib bizə 90 dəqiqə dəstək olan fanatlara təşəkkür edirəm. Təəssüf ki, onları sevindirə bilmədik. Ümumilikdə komanda yaxşı oyun nümayiş etdirdi. Bu qədər qol epizodları yaratdığımız matç yadıma gəlmir. Futbolda belə hallar olur. Kaş ki, pis oynayıb qalib gələrdik. Rəqibdən qat-qat üstün futbol nümayiş etdirdik. Futbolçuların zəhmətinə heyfim gəlir. Qarşıda 16 tur var. Turnir cədvəlindəki mövqeyimizi düzəltməyə çalışacağıq. 


- Komandamızın son pilləyə düşməsi psixoloji gərginlik yarada bilər?

- Düşünmürəm. Futbolçuları daha da motivasiyalı, aqressiv edəcək. Həyatda belə proseslər baş verir. Vəziyyətdən çıxmağa çalışacağıq.


- Matçdan sonra azarkeşlər "istefa" şüarı səsləndirdi. Buna münasibətiniz necədir?

- Heç bir azarkeş istəməz ki, komandası sonuncu pilləyə düşsün. Biz də bunu istəmirik. Onsuz da mən komandanı götürəndə sonuncu pillədə idi. Həyat davam edir. Azarkeşləri başa düşürəm. Təbii də qarşılayıram. Klubun idarə heyəti var. Bu barədə söhbət edəcəyik. "Kəpəz"i 6-cı turda sıfır xalla götürmüşdüm. Demişdim ki, qışa qədər 9-12 xal toplayacağıq. Əlimizdən gələnin maksimumunu edəcəyik. 


- Yaxşı oyun göstərsəz də nəticə olmadı. Bunun səbəbi nədir?

- Komanda qalib gəlmək üçün hər şeyi etdi. Sadəcə olaraq son nöqtəni qoymaqda soyuqqanlılıq çatmırdı. Tələskənlik məğlubiyyətə səbəb oldu. 


- Növbəti matçlarda Elvin Yunuszadəni meydanda görə bilərik?

- Bu məsələlər artıq bağlanıb. O futbolçuya əsas komandada ehtiyac duymuram.


- Dünən Elvin Yunuszadə ilə danışdım. Dedi ki, Tərlan Əhmədov qarşıdakı matçlarda məni oynada bilər...

- Bu məsələ mənim üçün bağlanıb. Açıqlama vermək istəmirəm. Biz də futbolçu olmuşuq. Əgər məşqçi irad bildirirsə, futbolçu etdiyi əmələ görə üzrxahlıq etmirsə, əvəzedici heyətdə məşqlərə qatılmırsa, belə olan halda məsələ mənim üçün bağlanıb. 


- Qapıçının performansından razı qaldız?

- Normaldır. Üç qapıçımızın üçündən də razıyıq. 


- Hakim idarəçiliyindən razı qaldız?

- Mən hakimlik haqda ümumiyyətlə danışmıram. Bir neçə oyunda bizim haqqımız yeyilib. Birinci hissədə iki eyni epizod oldu. Bizim oyunçuya sarı vərəqə verildi, rəqibə isə verilmədi. Buna görə reaksiya verdim. Hakim də insandır, səhvləri olur. Amma elə səhvlər var ki, matçın taleyini həll edir. Bu gün hakimin elə bir səhvi yox idi.


- Dünyanın hər yerində baş məşqçilər futbolçunu əvəzedici heyətə göndərir, amma bu qədər söz-söhbət olmur. "Kəpəz"də bu mövzunun bu qədər müzakirələr yaratmasının səbəbi nədir?

- Komandanın içi, çölü, hər tərəfi söz-söhbətdir. "Kəpəz" Premyer Liqaya təzə gəlib. Çalışırıq ki, nəsə edək. Oyuna iki gün qalmış söz-söhbətlər ortaya atılır. Daxildə elə adamlar var ki, zamanında bəzi məlumatları sızdırdılar. Bir futbolçunu etdiyi əmələ görə yola salmışam. Komandanın içində mənə dedi ki, sənin haqda elə sözlər deyəcəm ki, bir Allah bilir. Mən də dedim ki, ürəyin istəyən şeyi deyə bilərsən. Mənim həyatda qorxduğum nəsə yoxdur. Önəmli adamam ki, haqqımda danışırlar. İşlədiyim hər klubda nəticə vermişəm. Oyun satan da deyiblər. Bu qumarı çıxaranın Allah bəlasını versin. Onu oynayanın da Allah bəlasını versin. Ümumiyyətlə deyirəm. 52 yaşım var, hələ bilmirəm ki, hansı qumar necə oynanılır. Adıma min dənə söz çıxarırlar. Haqqımda danışan futbolçular özləri bilsin, Allahları bilsin. Əlavə heç nə demirəm. Kim nə istəyir yazsın. Bu komandanın daxili çölündən, çölü daxilindən betərdir. Nə qədər çalışırsan ki, kollektiv formalaşdırasan, alınmır ki, alınmır. Komanda bu gün normal oynayır. Məğlubiyyət də olacaq, qələbə də. Mən bu günlə yaşamıram, nəticə üçün yaşayıram. Nə deyirlər, desinlər. Əgər Tərlanın molla dostu varsa, niyə iki il işsiz qalıb? Molla kömək edə bilmədi? İşlədiyim bütün klublarda maddi cəhətdən çətinlik olub. İş gedən yerdə söz-söhbətlər olacaq. İrəlidə gedən adama badalaq vuran çox olur. Demək ki, mən önəmli adamam, haqqımda bu qədər söhbətlər gedir. 


- Azarkeşlər arasında insident olub, hətta bıçaqlanan var. Bu haqda məlumatınız var?

- İndi eşitdim. Çox üzücü hadisədir. Həmin azarkeşə baş çəkəcəyik. Futbolda belə hadisələr olmamalıdır. Fanatlıq, kluba sevgi başqadır. 


- Gəncədə baş tutacaq oyunda daha pis hadisələr baş verə bilər?

- Çalışacağıq ki, Gəncədə belə hadisələr baş verməsin. Gəncə camaatı hər zaman öz komandalarına sevgi ilə yanaşıblar. Stadionda ən çox azarkeş zamanında "Kəpəz"in oyunlarında olub. Amma belə bir insident baş verməyib. Düşünmürəm ki, "Kəpəz" azarkeşləri hansısa insident etsinlər. Mənim fikrimcə onlar komandalarına sevgi və sayğını daha üstün tuturlar.

 

Elçin Əlixan

Xəbər xətti