"Kəpəz"in kapitanı: "İçi mən qarışıq bütün futbolçular günahkardır" - MÜSAHİBƏ

18:47 - 11 Fevral 2023

"Kəpəz"in kapitanı Yusif Nəbiyev Premyer Liqanın 22-ci turunun "Turan Tovuz"la matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportal.az 25 yaşlı müdafiəçinin müsahibəsini diqqətinizə çatdırır:

 

- Məğlub olmaq istəməzdik. Meydana qələbə üçün çıxmışdıq. Nə istəyirdiksə, tam əksi oldu, heç nə alınmadı. Bundan dərs çıxarmaq lazımdır. Çünki, bizə qələbə lazımdır. Sonuncu yerdən canımızı qurtarmaq istəyirik.


- "Turan Tovuz"a qarşı beş matçın heç birində qələbə qazana bilməmisiz. Bunun səbəbi nədir?

- Bu tilsimi qırmaq istəyirik. Aşağı-yuxarı heyətimiz eynidir. Hələ ki, alınmır. "Turan Tovuz"la bir matçımız qalıb. Ona yaxşı hazırlaşacağıq.


- "Qarabag"dan xal alıb, "Turan Tovuz"a məğlub oldunuz...

"Qarabağ"la matç öz meydanımızda, azarkeşlərimizin qarşısında idi. O oyunla bugünkü oyun arasında böyük fərq var. "Qarabağ"a qarşı oynadığımız futbolun heç 20 faizini "Turan Tovuz"a qarşı oynaya bilmədik. Səbəb biz futbolçular özümüzük. Çıxış yolu tapmalıyıq.


- Tərlan Əhmədov bildirdi ki, futbolçular "Qarabağ"la oyundan sonra eyforiyada idi. Bu haqda nə deyə bilərsən?

- Baş məşqçinin fikri haqda nəsə deyə bilmərəm. İnanmıram ki, elə bir şey olsun. "Turan Tovuz" öz evində yaxşı oynayır. 


- Premyer Liqanı tərk etmək qorxusu var?

- Bəli, gərginlik var. Çünki, axırıncı yerdəyik. Buradan canımızı qurtarmaq istəyirik. Hələ ki, alınmır. 


- Kapitan olaraq Orxan Sadıqlının qırmızı vərəqə görməsini necə dəyərləndirirsən?

- Komanda hesabda geridə idi. Psixoloji cəhətdən lazımsız hərəkət idi. Amma futboldur, belə şeylər olur. Orxan bizim ən önəmli qapıçımızdır. Bu gün onun üstünə düşməyin mənası yoxdur. İçi mən qarışıq bütün futbolçular günahkardır. 


- Tərlan Əhmədov sizin üçün necə məşqçidir? Futbolçularla münasibətdə aqressiv deyil ki?

- O barədə mən nəsə deyə bilmərəm. Rəhbərliklə məşqçinin arasında olan məsələlərdir. Bunlar bizə təsir etmir. Bizim işimiz meydançadadır, qalan şeylər maraqlı deyil. Futbolçularla baş məşqçi arasında münasibətlər əladır.

 

Elçin Əlixan

Xəbər xətti