Millət vəkilləri, iş adamları "Kəpəz"ə dəstək üçün bir araya gəldilər

20:00 - 9 Mart 2023

Futbolun İnkişaf Fondu, Gəncə şəhər İcra Hakimiyyəti və “Kəpəz” klubunun birgə təşkilatçılığı və dəstəyi ilə “Kəpəz”ə dəstək” adı altında tədbir keçirilib.

Sportal.az xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasında reallaşan görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, dövlət qurumlarının əməkdaşları, iş adamları və ictimaiyyət nümayəndələri iştirak edib.

FİF-in icraçı direktoru Tural Piriyev və “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri təqdimatlarla çıxış ediblər. Tural Piriyev fondun fəaliyyəti çərçivəsində "Kəpəz" ilə bağlı icra olunan ianə kampaniyaları, İlqar Nadiri isə klubda həyata keçirilən layihələr ilə bağlı məlumat verib.

İcra başçısı Niyazi Bayramov Gəncə futbolunun tarixindən bəhs edərək kluba dəstəyin artırılmasının vacibliyini bildirib. Məqsədin bir olduğunu və bu yolda hamının səfərbər olmasını istəyib. Niyazi Bayramovun çağırışına millət vəkilləri – Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov da qoşulublar.

FİF-in Himayəçilər Şurasının üzvü Yunis Hüseynov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, eləcə də şəhər ictimaiyyətinin nümayəndəsi Müzadil Həsənov çıxışlarında komandaya sponsorun tapılmasının əsas vəzifələrdən olduğunu vurğulayıblar.

İlk dəfədir geniş çevrədə “Kəpəz” ilə bağlı dəstək xarakterli belə görüş keçirilir. İanə kampaniyası çərçivəsində təbliğat işinin, eyni zamanda kluba sponsorların cəlb olunması yönündə fəaliyyətin artırılmasına diqqət çəkilib.

Xəbər xətti