"Maraqlı oyunun şahidi olduq. Üç xal qazanaraq mövqeyimizi yaxşılaşdırmağa çalışdıq. Qol vəziyyətlərimiz çox idi. Komandamız yaxşı mübarizə apardı. Məncə, üç xalı itirdik. Təəssüf ki, qol epizodlarını dəyərləndirə bilmədik, Epizoda dəfələrlə baxdıq, orada penalti yox idi. Artıq neçənci dəfədir ki, haqqımız yeyilir. Ən çox sarı vərəqə bizə göstərilir. Yorulmuşuq. Heç nəyimiz olmadığı halda, nələrsə etməyə çalışırıq. Bu vəziyyətdə 21 xal toplamışıqsa, futbolçulara təşəkkür edirəm".
Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının "Zirə" (1:1) ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Altı ay əvvəl demişdiz ki, məqsədim gəncəli futbolçular yetişdirməkdir. Amma bunu meydanda görmək olmur...
- Bundan əvvəlki matçda Mahir Həsənovu görmədiniz? Hazır olsalar, oynayarlar. Altı ayda futbolçu hazırlamaq olmur. Naxçıvanda divizionun oyununda 4 qol buraxırlarsa, mən onları necə oynadım. Kim güclüdürsə, onu meydana buraxırıq. Eşitdiyimə görə, Mahiri U-21 yığmasına dəvət edəcəklər.
- Tovuzda bildirmişdiz ki, mən komandanı Premyer Liqada saxlayıb istefa verəcəm. Gedəcəksiz?
- İnşallah görəcəksiz. Məni yaxşı tanıyırsız.
- Qazonun vəziyyəti niyə bu haldadır?
- Biz burada oyundan bir gün əvvəl məşq edirik. Meydançanın üstü bağlanmamalıdır. Bizdə isə bağlayırlar. Torpaq günəş enerjisi almadığınına görə vəziyyət acınacaqlıdır. Mən burada məşq etmirəm. Komanda betonun üstündə məşq edir. Əvəzedici heyətimiz də bizim məşq meydanımızda oyun keçirir. Bəzən olur ki, 2 saatlıq məşqi 45 dəqiqəyə keçirəm.
- Yeqor Xvalko ilə Junior Martins arasında nə baş vermişdi?
- Futbolçuların arasında belə anlaşılmazlıqlar olur. Ötürmə vermədiyinə görə narazılıq var idi. Yoluna qoydular.
- Siz getsəz komandadakı gənclərin vəziyyəti necə olacaq?
- Bunu mən deyə bilmərəm. Vəziyyətimiz çətindir. Komandanın tərcrüməçisi yoxdur. Mən üç dildə danışıram. Bəzən isti su olmur, futbolçular məşqdən sonra gedib evdə çimirlər. Özünüz mövsümün sonunda görəcəksiz. Artıq normal, söz-söhbətsiz komandada işləmək istəyirəm. Komandanın 2 əsr yaşı var. "Kəpəz"ə belə laqeyd münasibət göstərmək olmaz. Avtobusu, tərcüməçisi, vitamini olmayan komadanın Premyer Liqada qalmasına çalışıram. Mövsümün sonunda istirahət etmək istəyirəm. İki il istirahət etdim. Gərək istirahətimi dayandırmazdım. Stress yaşayıram.
- Şəraitsizlikdən, vəziyyətdən şikayət etdiniz. Qorxmursuz ki, bu fikirlərinizlə AFFA-nın qəzəbinə tuş gələrsiz?
- Biz də istəyirik ki, şəraitimiz olsun. 20 il əvvəl Mahmud Qurbanov millidə oynayıb. Bu gün Gəncədə futbolçu yetişmir. Bizə dəstək lazımdır. Hamıya dəstək var, "Kəpəz"ə yoxdur.
- Siz iş adamı olsaz, bu qədər söz-söhbət olan kluba pul ayırarsız?
- Qəlbimdə "Kəpəz", Gəncə sevgisi varsa, niyə də yox? Şərait olsaydı, söz-sözhbətlər olmaz. Hamısı işsizlikdəndir. İşsiz adamlar söz-söhbətlər yaradırlar.
Elçin Əlixan
saytlarin hazirlanmasi