"Həmin səhvləri etməsəydik, bu gün vəziyyətimiz daha yaxşı olardı" - MÜSAHİBƏ

19:00 - 10 Mart 2023

"Kəpəz"in kapitanı Yusif Nəbiyev Sportal.az saytına müsahibə verib. 

- "Zirə" ilə 1:1 oynadınız. Bu matçla bağlı fikrin necədir?

- Matç həm biz, həm də "Zirə" üçün ağır keçdi. Son dəqiqələrə yaxın qol buraxdıq və qələbəni əldən verdik.

- "Zirə"yə qarşı həm Mərdəkanda keçirilən matçda, həm də Zirədəki oyunda son dəqiqələrdə buraxılan qollarla qələbəni əldən vermisiniz. Bu gün də, sona yaxın hesabdakı üstünlüyü qoruyub-saxlaya bilmədiz. Bu nə ilə bağlıdır?

 Təkcə "Zirə" ilə oyunlarda deyil, çox oyunlarda son dəqiqələrdə qollar buraxmışıq, xallar əlimizdən çıxıb. Həmin səhvləri etməsəydik, bu gün vəziyyətimiz daha yaxşı olardı. Futboldur da, olur. Səhvsiz mümkün deyil. İnsan olan yerdə, səhv qaçılmazdır. Səhv etdik, cəzasını çəkirik.

- Qapınıza təyin edilən penalti haqda fikrin necədir?

Baxdım, orada penaltidən söhbət gedə bilməz. Bundan qabaqkı turda, "Sabah"la oyunda da penal yox idi. Çünki top ayaqdan ələ dəymişdi. VAR-da oturanlar baxırlar, qərar verirlər. Bizim əlimizdən bir şey gəlmir. Çox söz deyəndə, sarı vərəqə göstərirlər. Ona görə də, danışa bilmirik. Hər halda, baxdığım qədərilə yox idi. 

- Meydanın ot örtüyü oyununuza nə dərəcədə təsir edir?

Stadionun vəziyyəti göz önündədir. Şəraitimiz bu gün üçün belədir. Biz heç burada məşq etmirik. Rəqiblər bəlkə fikirləşir ki, biz burada davamlı məşq edirik. Xeyr. Oyundan bir gün əvvəl məşqə çıxırıq, sonra oynayırıq. Şərait onlar üçün necədirsə, bizim üçün də, eynidir.  

- Mövsümün sonunda "Kəpəz"lə müqavilən başa çatacaq. Mətbuatda "Sumqayıt"a keçəcəyinlə bağlı xəbərlər yayılıb. Gələcəklə bağlı qərar vermisən?

Bu gün transfer məsələləri haqda düşünmürəm. Çünki fikrimi "Kəpəz"ə yönəltmişəm. Müqaviləm bitdikdən sonra necə olacağını görəcəyik. 

- Canni De Byazi matçı izləyənlər arasında idi. Milli komandadan dəvət gözləyirsən?

Mövsüm başlayandan oynayıram, çalışıram ki, daha yaxşı olum. Gələcəyim üçün gündən-günə artırmaq istəyirəm. Millidən dəvət gəlsə, sevinərəm. Olmasa da, dünyanın sonu deyil. Heç vaxt həvəsdən düşmürəm, gələcəyə baxıram. Çünki yaşım da o qədər çox deyil.

Mirbağırağa

Xəbər xətti