"Kəpəz"in yarımmüdafiəçisi Fərid Nəbiyev Premyer Liqanın 26-cı turunun "Zirə" ilə matçından (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az Gəncə təmsilçisinin qolunun müəllifinin müsahibəsini diqqətinizə çatdırır:
- Komanda şəklində çox yaxşı mübarizə apardıq. İlk hissədə önə keçdik. Çoxlu qol epizodları yaratdıq. Təəssüf ki, bunları dəyərləndirə bilmədik. Sonda isə "Zirə" penaltidən hesabı bərabərləşdirdi. Biz 2 xal itirdik, nəinki "Zirə".
- İkinci qolu vura bilməməyinizə nə mane oldu?
- Ümumi götürsək, komandamız üçün matç çox yaxşı keçdi. Bəzi epizodlarda tələskənlik fərqlənməyimizə mane oldu. Buna görə ikinci qolu vura bilmədik. Hesabı 2:0 etsəydik, "Zirə" buradan xal apara bilməyəcəkdi.
- Qazanılan 1 xal Premyer Liqada qalmağa kömək edəcək?
- Əlbəttə. Bizim üçün hər xal qızıla bərabərdir. Qarşıda bizi "Neftçi" ilə səfər oyunu gözləyir. Oradan da xalla qayıtmağa çalışacağıq. Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonra çempionata daha yaxşı köklənib qələbələr üçün vuruşacağıq.
- Matçı izləyənlər arasında Canni De Byazi də var idi. Özünü milli komandaya hazır hiss edirsən?
- Əsas milli komandada çıxış etmək istəyərəm. Amma bu, baş məşqçinin qərarıdır, məndən asılı deyil. Milli komandaya layiq olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.
- Turnir cədvəlinin son pillələrində olmağın gərginliyini hiss edirsiz?
- Oynadığımız oyunla hazırda olduğumuz yerə layiq deyilik. Bir çox matçlarda ani diqqətsizlikdən qapımızda qollar görmüşük. Həmin oyunlarda diqqətsizliyimiz olmasaydı, hazırda 4-cü, 5-ci yer uğrunda mübarizə apara bilərdik. Bizim üçün hər xal vacibdir.
- Meydanın ot örtüyünün durumu oyununuza necə təsir edir?
- Hazırda meydançanı dəyişmək şansımız yoxdur. Bura gələn rəqiblər də eyni qazonda oynayırlar. Bizim üçün nisbətən rahatdır. Çünki, ev oyunlarımızı burada keçiririk. Əlimizdən nəsə gəlmir. Meydana çıxıb futbolumuzu oynamalıyıq.
- Abdullahi Şuaybunun yeri görünürdü?
- Şuaybu komanda üçün çox önəmli oyunçudur. Sürəti var, komandaya çox xeyir verir. Ötən turda da orta xəttdən iki futbolçumuz yox idi. "Sabah"dan da xal ala bilərdik. Şuaybunu 15-ci dəqiqədə itirdik. Bundan əlavə 2 yarımmüdafiəçimizin olmamağı məğlubiyyətə gətirib çıxardı.
- Bu oyunla Premyer Liqada qalmağa inamınız var?
- Əlbəttə. Biz heç bir komandadan zəif oynamırıq. Burada "Qarabağ"la oyunda da göstərmişdik. Biz Premyer Liqada qalmağa layiq komandayıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi