"Kəpəz"in futbolçusu: "Baş məşqçinin qərarına hörmətlə yanaşıram"

20:33 - 17 Mart 2023

"Kəpəz" Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə edib.

Gəncə təmsilçisinin futbolçusu Tural Rzayev qarşılaşmadan sonra Sportalaz saytına açıqlama verib. 29 yaşlı yarımmüdafiəçi səfərdə qazanılan bir xalı yaxşı nəticə hesab edir:

"Çox maraqlı oyun oldu həqiqətən. Çempionatın ən baxımlı matçlarından biri idi. Qələbə qazana bilərdik. Bunun üçün imkanlarımız oldu. Səfərdə "Neftçi" kimi komanda ilə heç-heçə etmək də pis nəticə deyil".

Uzun müddətdən sonra start heyətdə meydana çıxan Rzayev hər zaman oynamağa hazır olduğunu bildirdi:

"Oynamamağım baş məşqçinin qərarıdır. Onun qərarına həmişə hörmətlə yanaşıram. Nə zaman şans verilsə, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Həmişə oynamağa hazıram. Bu gün şans verildi, bacardığım qədər komandaya kömək etməyə çalışdım". 

"Kəpəz" 28-ci turda doğma meydanda "Səbail"lə qarşılaşacaq. Təcrübəli futbolçu bu görüşü finala bərabər adlandırıb: 

"Səbail" matç bizim üçün çox vacibdir, finala bərabərdir. Aşağı pillələrdə dörd komanda arasında gərgin mübarizə gedir. "Səbail" də bizim əsas rəqiblərdən biridir. Düşünürəm ki, evdə, azarkeşlərimizin Qarşısında qələbə qazanaraq turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıracağıq".

Elçin Əlixan 

Xəbər xətti