"Büdcəmizin aşağı düşdüyünü hamı bilirdi. Aslan müəllim də fəaliyyətimizi izləyirdi. Büdcənin azalması akademiyamıza da təsirini göstərirdi. Həmişə büdcə ilə bağlı gileylənirdim. Aslan müəllim "Qəbələ" akademiyasına dəstək olmaq istədiyini bildirdi. Müqavilə 3 illik nəzərdə tutulub. Məbləği açıqlamırıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin prezidenti Fariz Nəcəfov deyib. O, "EUROCLİMA" ilə əməkdaşlıq müqaviləsi imzalamaq üçün təşkil olunmuş tədbirdə jurnalistlərin sualarını cavablandırıb.
- Bu dəstək “Qəbələ” akademiyasını əvvəlki illərə qaytara bilər?
- İndiki müqaviləyə əsasən əvvəlki dövrə qayıtmaq çətindir. Hazırda akademiyada vəziyyət ürəkaçan deyil. Əvvəlki dövrdə hər yaş qrupu il ərzində azı bir dəfə xaricə gedirdi. İndi isə vəziyyət elə deyil.
- Yeni əməkdaşlıq akademiyanın çatışmazlıqlarının neçə faizini aradan qaldıracaq?
- Əvəlki dövrlə müqayisə etsək, cüzi dərəcədə. Amma bunun bizə çox xeyri olacaq.
- Bir zamanlar "Qəbələ Cup" turniri keçirilirdi. Yenidən bu cür turnirləri bərpa etmək mümkündür?
- Bu məbləğ birmənalı olaraq akademiyaya xərclənəcək. Bir neçə komandamızı xarici səfərlərə göndərmək, akademiyanın işçi heyətinin, məşqçilərin maaşlarında dəyişiklik etmək istəyirik. İşin keyfiyyətli oması üçün işçilərin vəziyyəti yaxşı olmalıdır.
- Azərbaycanda futbol akademiyasının normal fəaliyyət göstərməsi üçün minimum nə qədər məbləğ lazımdır?
- Akademiyanı hansı səviyyədə görmək istədiyimizdən asılıdır. İnfrastrukdur olduğu halda futbol məktəbi üçün çox da böyük məbləğ lazım deyil. Bizim akademiyada isə 100-dən çox uşaq var. Burada qalırlar, yeyirlər. Əvvəlki illərdə akademiyanın büdcəsi 1 milyon dollar civarında idi. İndi isə bundan çox aşağıdır.
- “Qəbələ”nin bazasında bir neçə stadion var. Bu infrastruktura baxmaq maddi olaraq nə dərəcədə çətindir?
- Hələ ki, infrastruktumda problem yoxdur. Bu mövsüm öt örtüyünü dəyişmək istəyirdik. Gələn ilə qaldı. Akademiyamızınm binasının tikintisi yarımçıq qaldı. Yeni sponsorlar olarsa, bunu tamamlamaq istəyirik.
- Əsas komandaya sponsorlar gözlənilir?
- Heç kimlə danışıq aparmırıq. Amma ehtimal var. Əsas problem odur ki, dayanıqlıq yoxdur. Dövlət tərəfindən ötən il oldu, növbəti il yardımın nə qədər olacağını bilmirik. Bu 3-5 illik proqram əsasında olsa, klublar da buna uyğun fəaliyyətlərini qurarlar. Futbolçularla uzunmüddətli müqavilə imzalaya bilmirik.
- Uşaq futboluna daha çox diqqət ayırdıqdan sonra əsas komandanı sırf akademiyanın futbolçuları hesabına qurmaq olar?
- Mütləq şəkildə hər komandada keyfiyyətli legioner olmalıdır. Akademiyadan gələn uşaqlar da onlardan öyrənməlidir. Strategiyamızda heç bir dəyişiklik olmayacaq. Əsas komanda ilə akademiya arasında əlaqə davam edəcək.
- Ötən ilin sonunda Gənclər və İdman Nazirliyinin ilin yekunlarına dair keçirdiyi tədbirinə “Qəbələ” idman Klubu dəvət olunmamışdı. Bu barədə nə deyə bilərsiz?
- Ola bilər. Heç fikir verməmişəm. Amma nazirliklə münasibətlərimiz normaldır. Yəqin ki, hansısa nominasiyada olmamışıq. Bu barədə heç bir məlumatım yoxdur.
Elçin Əlixan
saytlarin hazirlanmasi