"Qəbələ"nin hücumçusu, Premyer Liqanın 28-ci turunun "Sabah"la (3:2) matçında komandasının ilk qolunun müəllifi olan Ülvi İsgəndərov Sportal.az saytına müsahibə verib. O, komandasının məğlubiyyətini şərh edib.
- "Qəbələ" "Sabah"la görüşdə 2:1 hesablı üstünlüyünü niyə qoruya bilmədi və uduzdu?
- Matç çox maraqlı və gərgin keçdi. Çox yaxşı oynadığımızı düşünürəm. Komanda olaraq hər oyuna qələbə üçün çıxırıq. Bu matçda da üç xala görə oynayırdıq. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik.
- Hesab 2:1 olanda qalib gəldiyinizi düşünürdüz? Bəlkə arxayınçılığın qurbanı oldunuz?
- Xeyr, arxayınçılıq olduğunu düşünmürəm. Sadəcə belə alındı. Əfsuslar olsun ki, qalib gələ bilmədik.
- Qol epizodlarını boşa verəndə, bunun sizin üçün baha başa gələcəyini ehtimal edirdin?
- Əlbəttə ki, epizodları dəyərləndirməyəndə istər-istəməz gərgin olur. Üç qolu vura bilsəydik, belə olmazdı.
- Səncə, ədalətli nəticə oldu?
- Biz qələbəyə daha çox layiq idik. Ən azından matç bərabərliklə bitməliydi. Çünki yaxşı oynamışdıq, qol epizodlarımız da çox idi. Amma bəzən belə də olur.
- Yəqin ki, daha çox üzüntünüz dördüncü pilləyə yüksələ bilməmək oldu. Qalib gəlsəydiniz, "Zirə"ni qabaqlayacaqdınız...
- Düzdü, dördüncü pilləyə yüksəlmək istəyirdik. Buna da çox yaxın idik. Özü də növbəti turda elə "Zirə" ilə qarşılaşacaqdıq. Bu mənada, qələbə bizə çox vacib idi. Amma nə etmək olar, futboldur da, belə hallar da yaşanır.
- Növbəti turda bunu reallaşdıra bilərsiniz. Çünki rəqib "Zirə"dir. Səncə, bu baş verəcək?
- Rəqibdən asılı olmayaraq hər matça qələbə üçün çıxırıq. "Zirə" ilə oyuna da yaxşı hazırlaşacağıq. Çünki qalib gələcəyimiz təqdirdə turnir cədvəlində dördüncü pilləyə yüksələ bilərik. Hər halda, məqsədimiz qalib gəlməkdir. Ümid edirəm ki, istəyimizi reallaşdıracağıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi