"Kəpəz"in Gəncədə oynamaması azarkeşləri üçün pis xəbər oldu"

13:46 - 14 Aprel 2023

Azərbaycan millisinin veteran forvardı Rauf Əliyev Sportal.az saytına açıqlama verib.

Son olaraq "Kəpəz"də oynayıb karyerasını başa vuran Rauf Gəncə klubunun Premyer Liqadakı çıxışını dəyərləndirib. 

O, adıçəkilən komandanın yüksək liqada qalacağına inandığını bildirib:

"Özüm oynamasam da, Azərbaycan Premyer Liqasının matçlarını təbii ki, izləyirəm. Fikrimcə, "Kəpəz" Premyer Liqadakı yerini qoruyub-saxlayacaq, onlar birinci diviziona düşməyəcəklər. Doğrudur, hələ qarşıda matçlar var. Amma mən onların yüksək liqada qalacağına inanıram.

Bəli, bilirəm ki, komanda ev oyunlarını Qəbələdə keçirəcək. Mən "Kəpəz"də oynayanda da, Gəncədəki meydançanın yaxşı vəziyyətdə olmadığını görürdüm. Həqiqətən də orada futbol oynamaq mümkün deyildi. Çünki meydança çox pis durumda idi. "Kəpəz"in Gəncədə oynamaması azarkeşləri üçün pis xəbər oldu. Gəncəlilər doğma komandalarına azarkeşlik etməyi çox sevir. İstənilən halda, mən "Kəpəz"ə uğurlar arzu edirəm. Təki hər şey ürəklərincə olsun".

Mirbağırağa

Xəbər xətti