Misli Premyer Liqasının "Kəpəz" - "Turan Tovuz" (1:0) matçından sonra ev sahiblərinin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, Əhmədov komandasının Qəbələdəki qələbəsini şərh edib:
"Derbi oyununda heç vaxt yaxşı oyuna üstünlük vermirsən. Bu gün futbolçulardan sırf nəticəni tələb edirdim. Qəbələdə oynamaq da psixoloji cəhətdən təsir etmişdi komandaya. Uğurlu seriyanı davam etdirdik. Ağır oyun oldu. Rəqibin də qol epizodları var idi. Bu gün xoşbəxtlik bizim tərəfdə idi".
- İkinci hissədə komandanız inamsız təsir bağışlayırdı. Bunun səbəbi nədir?
- Komanda artıq Gəncəyə uyğunlaşıb. İstər-istəməz komanda bu gün təzyiq altında idi. Hiss edirdim ki, futbolçular getdikcə nəticəyə oynayır. Əsas odur qələbə qazanıb turnir cədvəlində yerimizi möhkəmləndirdik.
- Matçın sonunda baş verən insidenti necə şərh edərdiniz?
- Normaldır. Derbidən sonra belə hallar futbola gözəllik qatır. Bu, məğlub olmamaq istəyindən irəli gəlir.
- Qərb derbisinin Qəbələdə keçirilməsinə münasibətiniz necədir?
- Mənim özüm üçün də bir az xoş deyil. Qərb derbisi şimal-qərb bölgəsində keçirilir. İstərdim ki, hər komanda öz evində oynasın. Gəncədə insanların futbola sevgisini qaytarmalıyıq. Bunun üçün çalışırıq. Amma işimizi davam etdirməliyik.
- Bir dəfə demişdiz ki, Gəncə stadionunda qazonun üstünü örtürlər. Bəlkə ot örtüyü buna görə sıradan çıxıb? Bunu özünüzə qarşı təxribat hesab edirsiz?
- Demişdim, yenə də sözümün üstündə dayanıram. Gəncədə şaxta olmur. Bir dəfə soruşanda dedilər ki, dərman vurmuşuq, ona görə örtülüb. Bilmirəm, mənə qarşıdır, yoxsa başqa birinə. Futbol oynayanda da, məşqçilik karyeramda da çətinliklərlə üzləşmişəm. Adıma min dənə söz çıxarıblar. Deyiblər ki, Tərlanın ayağı ağırdır. Hər şeyə susdum. Kim nə edirsə, nə mənə, nə də Gəncə futboluna deyil, özünə edir.
- Çətin dövrdə "Kəpəz"ə gəldiniz, bəzi futbolçularla problem yaşadız, daha sonra sizi istefaya çağırdılar. Həmin vaxt demişdiz ki, "Kəpəz"i Premyer Liqada saxlayıb postumu tərk edəcəm. Yenə eyni fikirdəsiz?
- Bunu mövsümün sonunda görəcəksiz. Bilirsiz ki, həmişə sözümün üstündə durmuşam. Gəldiyim gündən atdığım addımılar səhv olmayıb. Gəncədən uzun yol qət edib gələn azarkeşlərə sevinc bəxş etmək bizim üçün xoşbəxtlikdir. Mənim həmin futbolçularla problemim olmayıb. Onların mənimlə problemi olub.
- Rəhbərliklə komandada qalıb-qalmayacağınızla bağlı söhbətiniz olub?
- Aramızda söhbət olub ki, komanda Premyer Liqada qalandan sonra bizim və futbolçuların taleyinə aydınlıq gələcək. İlk gündən təzyiqlərin olacağını bilirdim. Hər şeyi təbii qarşıladım. Dünyanın hər yerində belədir. Komadanın sponsoru yoxdursa, futbolçuları saxlamaq çətin olacaq. Komandada qalası olsam, şərtlərim həyata keçirilməlidir. Bu il yaşadıqlarımı gələn il də yaşamaq istəmirəm. Rahat şəkildə işimi görmək istəyirəm.
- Komanda uzun müddət sonuncu pillədə oldu. Sizin və kollektivin üzərində böyük təzyiqlər var idi. Bu vəziyyətdə olan futbolçularda özünəinamı necə qaytara bildiniz?
- Ağır, çətin suladır. Onlara mane olacaq hadisələr təmizlənməli, sağlam kollektiv formalaşmalı idi. İlk növbədə onu formalaşdırdım. Daha sonra onlara özünəinamı qaytarmağa çalışdım. Futbolçuların hər birinin potensialı var. Onların bacarıqlarını inkişaf etdirməyə çalışdıq. Altı turdan sonra komandanın xalı olmayanda bura gəldim. Həmin ərəfədə "Turan Tovuz"un 11 xalı var idi. İndi aramızda bir xallıq fərq qalıb. İlk növbədə mehribanlıq yaratdıq. Hər məşqdən öncə söhbətlərimiz olurdu. Bu komandanın tarixi, keçmişini futbolçulara aşıladıq. Bura gəlmişiksə, bir yumruq olmalıyıq.
- Sizin yaşadığınızı indi Ayxan Abbasov yaşayır. Ona tövsiyyəniz nədir?
- Səbrli olsun, işini davam etdirsin, çox şeyə reaksiya verməsin. Ayxan Abbasovla bağlı hadisə məni də məyus etdi. Hər komandanın uğursuzluğu olur. "Milan" neçə illərdir əvvəlki vəziyyətinə qayıda bilmir. "Turan Tovuz" da bizim kimi yeni komandadır. Bu proseslər baş verəcək. Məşqçi karyerasında belə hallar qaçılmazdır. Sübut etdim ki, mən bura işləməyə gəlmişəm. Ayxan müəllimə də səbrli olmağı tövsiyyə edirəm.
- Riad Rəfiyev Gəncəyə gəlib sizinlə və klub rəhbərliyi ilə görüşüb. Belə iddialar var ki, "Kəpəz"in bir neçə futbolçusunu "Sumqayıt"a transfer etmək istəyir. Bu haqda nə deyə bilərsiz?
- Qısa görüşümüz oldu. Ümumi durumdan danışdıq. Kimi istədiklərini mətbuatdan oxudum. Ola bilər ki, rəhbərliklər arasında danışıqlar olub. Bu, məni sevindirir. Futboluçularımızın inkişafı yaxşı haldır.
- Şahin Diniyev bildirdi ki, hansısa komandanın Premyer Liqanı tərk etməsi ədalətsizlik olar. "Şamaxı" da bəyanat yayıb. Siz necə düşünürsüz? Bu mövsüm Premyer Liqanı tərk edən komanda olmalıdır?
- İstəmərəm ki, bu il hansısa komanda birinci diviziona düşsün. Hətta mən istəyərdim ki, "Xəzər Lənkəran", "Zaqatala", "Şəmkir" qayıtsın Premyer Liqaya. Klub sayının artırılmasını istəyərdim. Bəyanət yaymaq barədə bir söz deyə bilmərəm. Artıq qərar verilibsə ki, hansısa komanda düşəcək, vəssalam. Hər halda, nə olacağını zaman göstərəcək. "Neftçala" çempion oldu, Premyer Liqaya gələ bilmədi. "Kəpəz"in özü Premyer Liqaya gəldiyi il divizionda 7-ci pilləni tutmuşdu. Hansı qərar olacaq, ona da hörmətlə yanaşacağıq. Biz hələ qalmağı təmin etməmişik. Mən istəyərəm ki, klub sayı artırılsın. Çünki regionlarda futbol olmalıdır. Mingəçevir, Lənkəran, Zaqatala Premyer Liqaya qayıtsın, daha sonra divizion və əvəzedicilərin yarışı ayrılsın, 21 yaşlıların da liqası olsun. Əsas heyətə düşməyənlər orada oynasın. Birinci divizionda da klubların səviyyəsi artırıldıqdan sonra, Premyer Liqadan düşən komandalar ola bilər. İndiki vəziyyətdə güzəşt olunması daha yaxşıdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi