"Dərk edirdik ki, "Neftçi" ilə matçda qələbə bizə mütləq lazımdır" - MÜSAHİBƏ

13:34 - 17 Aprel 2023

"Qəbələ"nin yarımmüdafiəçi Rövlan Muradov Sportal.az saytına müsahibə verib.

- "Qəbələ"nin "Neftçi" ilə matçdakı qələbəsini necə şərh edərdin? 

- Çox ağır oyun olacağını bilirdik. Meydanda istəkli olmağımızı göstərə bildik, mübarizə apardıq. "Neftçi" çempionatın favoritlərindən biridir. Bilirsiz, hər oyuna üç xal üçün çıxırıq. Şükürlər olsun ki, layiqli qələbə qazandıq. 

- Nəzərə alsaq ki, "Neftçi"yə bu mövsüm qalib gəlməmişdiniz, bu dəfə necə, qələbə qazanacağınıza əmin idiz?

- Əlbəttə ki, "Neftçi" ilə matçda qələbə qazanacağımıza inanırdıq. Dərk edirdik ki, bizə qələbə mütləq lazımdır. Bunun üçün meydanda sona qədər mübarizə apardıq və istədiyimizi əldə etdik.

- "Neftçi" müdafiəsini təzyiqdə saxlayaraq qollarınızı vurdunuz. Bu komandaya qarşı planlaşdırdığınız kimi oynaya bildiz?

- Tam detallı şəkildə deyə bilməyəcəm. Çünki hər oyun üçün planlarımız olur. Məşqçilərimizin də verdiyi tapşırıqlar var. Onun üzərində işləmişdik, səhvsiz futbol olmur. Səhvdən də maksimum yararlandıq.

- "Neftçi"yə uduzsaydınız "Zirə" dördüncü pilləyə yüksələcəkdi. Bunun əlavə təzyiqi var idi?

- Yox, təzyiq olduğunu deməzdim. Biz öz oyunumuzu fikirləşirik. Meydana qələbə üçün çıxırıq. Şadam ki, qələbə qazanmağı bacardıq. Sona hələ çox oyun var.

- "Zirə" və "Qəbələ" dördüncü pillə uğrunda mübarizə aparır. Onlardan fərqli olaraq siz həm də ölkə kubokunda mübarizə aparırsınız. Bu, sizin üçün üstünlükdür, yoxsa mənfi haldır? 

- Məncə, üstünlükdür. Ümid edirəm ki, sonda avrokuboklara gedən tərəf biz olarıq. Bunun üçün də sona qədər mübarizə aparacağıq.

- “Qəbələ”ni qarşıda “Səbail”ə qarşı kubok görüşləri gözləyir. Səncə, “Səbail”i məğlub edib finala vəsiqə qazana biləcəksiz?

- Bilirsiz ki, kubok matçları tam fərqli olur. Bizi çox ağır oyunlar gözləyir. Ümid edirəm ki, yaxşı nəticə ilə finala vəsiqə qazanacağıq. Buna gücümüz çatar.

- “Qəbələ” ilə müqavilən mövsümün sonunda başa çatacaq. Komandada qalmaq haqda düşünürsən, yoxsa ölkə xaricinə yollanacaqsan? 

- Bununla bağlı hələ heç nə deyə bilmərəm. Çünki sıx qrafikə girmişik, qarşıdakı matçları düşünürəm. Mövsüm sonunda düşünüb lazımı addımı atacam.

Mirbağırağa

Xəbər xətti