"Həmin hadisəyə görə bir nəfəri günahlandırmaq düzgün deyil" - MÜSAHİBƏ

15:49 - 17 Aprel 2023

"Kəpəz"in müdafiəçisi Yusif Nəbiyev Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz"la görüşdə qələbə qazana bildiniz. Komandanızın qələbəsini necə şərh edərdin?

- Oyunumuz həmişə olduğu kimi gərgin keçdi. "Turan Tovuz"a qarşı qələbəmiz yox idi. Bunun da verdiyi sıxıntı var idi. Ona görə də, oyuna nə olursa-olsun qələbə qazanmaq ümidi ilə çıxmışdıq. Şükür Allaha qalib gəldik. Matça sırf nəticə üçün çıxmışdıq. Buna da nail ola bildik.

- Onlarla aranızdakı xal fərqini birə endirdiniz. "Kəpəz"in altıncı pilləyə qalxmaq şansını necə dəyərləndirisən? Səncə, onları ötüb keçə bilərsiniz?

- Bəli, aramızda bir xallıq fərq var. Bacardığımız qədər xal toplamağa çalışacağıq. Qarşıdakı oyunlarda bizim məqsədimiz elitada qalmaqdır. Amma nə qədər bacarsaq üst pillələrə qalxmaq istəyirik. Niyə də istəməyək? Şansımız var. Mübarizə aparacağıq ki, qələbə qazanaq. Sonda necə olacaq görəcəyik.

- Qarşılaşmadan sonra baş verən hadisələr daha çox diqqət çəkdi. Matçdan sonra nə baş verdi? Niyə dava düşdü? 

- Oyun bitdikdən sonra bir anda ara qarışdı. Kaş ki, belə hadisə olmazdı. İstəməzdim ki, bu cür hal baş versin. Ancaq futbolun bu tərəfi də var. Normaldır da. Hər iki komandadanın günahı var. Bu hadisəyə görə sırf bir nəfəri günahlandırmaq düzgün deyil. Nəzərə alsaq ki, qərb derbisi idi, hər halda normaldır.

- Hazırkı vəziyyət nə yerdədir? Rəqib komandanın futbolçuları ilə barışmısız, yoxsa yenə də aqressivlik qalıb?

- Məncə, aqressivlik qalmayıb. Oyunda olanlar meydanda da qalır. Belə hallar birinci dəfə deyil. Futbolda bu cür hadisələrin olması normaldır. 

- "Kəpəz"in növbəti turdakı rəqibi "Şamaxı"dır. Onları səfərdə məğlub edə biləcəksiz? Rəqib liqada qalmaq uğrunda mübarizə aparır...

- "Şamaxı" ilə oyunumuz həmişə ağır və gərgin keçib. Çünki aşağı-yuxarı eyni səviyyədə komandalarıq. Həm "Şamaxı", həm də "Kəpəz" yeni qurulmuş komandadır. Ciddi şəkildə oyuna hazırlaşacağıq ki, qələbə qazanaq.

- Ev oyunlarınızı Gəncədə keçirməməyiniz sizin üçün mənfi hal kimi göstərilirdi. Ancaq deyəsən, belə olmadı. Qəbələdə oynamağın hansı mənfi və müsbət tərəfləri var?

- Biz Gəncədə öz azarkeşlərimizin önündə oynamaq istəyirik. Sadəcə bugünkü vəziyyətdə oyunlarımızı Qəbələdə keçirməyə məcburuq. Öz stadionumuz düzələnə qədər buradayıq. Mənfi cəhəti odur ki, azarkeşlərimiz əziyyət çəkir. Hər halda, Gəncədən Qəbələyə gəlirlər. Stadionla bağlı hər şey isə əladır. Qəbələ stadionunun ot örtüyü və ya şərait baxımından isə heç bir problemimiz yoxdur. 

Mirbağırağa

Xəbər xətti