"Qəbələ"nin forvardı Rafael Utziq Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Səbail"lə (3:2) görüşündən sonra jurnalistlərə müsahibə verib. Sportal.az saytının əməkdaşının da suallarını cavablandıran braziliyalı komandasının qələbəsini şərh edib:
"Çox vacib oyun idi. Xoşbəxtəm. Möhtəşəm qələbə qazandıq. Bir aylıq fasilədən sonra geri qayıtdım. Çox sevincliyəm. Bununla hər şey bitmir. Bizi cavab oyunu gözləyir".
- Öz performansını necə dəyərləndirirsən?
- Özümə görə də xoşbəxtəm. Amma formaya düşmək üçün daha çox çalışmalıyam. Hücumçu olduğum üçün qollar vurmalıyam. Ən vacibi komandanın qələbəsidir, şəxsi oyunum yox.
- Nə yemişdin ki, belə alışıb-yanırdın?
- Normal yeməklər yemişdim. Performansıma görə xoşbəxtəm.
- Həm kubok, həm də çempionatdan avrokuboklara getmək şansını necə dəyərləndirirsən?
- Əlbəttə ki, şansımız var. Artıq 3 ildir "Qəbələ"dəyəm. Adımı bu klubun tarixinə yazdırmaq istəyirəm.
- Müqavilən bitir. Gələcəyinlə bağlı qərar vermisən?
- Bəli, burada özümü çox xoşbəxt hiss edirəm. Amma müqavilə ilə bağlı bir şey deyə bilmərəm. Çünki, hələ mövsüm bitməyib. Bundan sonra vəziyyətə baxacağıq. Mövsümün sonunu gözləyək, kuboku qazanmağa calışaq.
- Yarımfinalın cavab matçında və finalda bugünkü Utziqi görə biləcəyik?
- Bəli. Belə oynamaq üçün hər gün çalışıram. Zədədən qayıtmaq çətindir. Üzərimdə daim işləyirəm.
- Bir necə ildir mətbuatda "Neftçi"yə keçəcəyin deyilir. Ümumiyyətlə nə vaxtsa bu klubdan təklif almısan?
- Mənimlə şəxsi olaraq heç kim heç nə danışmayıb.
Elçin Əlixan
saytlarin hazirlanmasi