"Qəbələ"nin yarımmüdafiəçisi Felipe Santos Sportal.az saytına müsahibə verib. Azərbaycan kubokunun ¼ final mərhələsinin “Səbail”lə ilk görüşündə (3:2) komandasının qollarından birinə imza atan braziliyalı final şanslarından danışıb.
- "Səbail"lə matçda 3:2 hesablı qələbə sizi qane etdi? "Qəbələ" üçün yaxşı nəticədir, yoxsa daha yaxşı olmalı idi?
- Qarşılaşmaya sanki tələsik daxil olduq. Uğurlu nəticə qazanmalı oluduğumuzu bilirdik. Amma düşündüyümüz kimi olmadı. İstənilən halda əlverişli nəticə qazandıq. İndi də hər şey özümüzdən asılıdır.
- "Səbail"in meydana əsas heyətlə daxil olmayacağı matçdan əvvəl məlum idi. Bu sizi arxayın etmişdi? Rahatlıq var idi?
- Xeyr, heç bir arxayınlıq yox idi. Kimin oynamasından asılı olmayaraq çətin olacağını bilirdik. Sadəcə biz özümüz oyuna pis başladıq. Bu da fərq yaratdı. Lakin dediyim kimi, necə olursa-olsun, sonda qalib gəlməyi bacardıq.
- 0:2 məğlub duruma düşdükdən sonra "come back" etdiniz. Məğlub durumda olanda da, qələbəyə inanırdız?
- Komandamızın gücünə bələdik. Bilirdik ki, birinci qolu vursaq, ardı gələcək və biz qələbə qazanacağıq. Nəticədə belə də oldu. Şadam ki, cavab oyununa qələbə ilə yollanacağıq.
- Finala “Qəbələ”, yoxsa “Səbail” daha yaxındır?
- Hər şey mümkündür. Qarşıda daha bir oyunumuz olacaq. Finala çıxmaq istəyiriksə, meydanda 100 faiz gücümüzü qoymalıyıq.
- Bakıdakı matç haqqında nə düşünürsən? “Səbail” Premyer Liqada sonuncu pillədə qərarlaşıb. Onların hazırda bu haqda düşündüyünü ehtimal etmək olar. Bu sizin üçün üstünlükdür?
- Biz ancaq özümüzü düşünürük. Kubokda finala adlamaq istəsək də, Premyer Liqaya da köklənmişik. Avrokuboklara Premyer Liqadan vəsiqə qazanmaq istəyirik. Ona görə də diqqətimizi növbəti oyuna yönəltmişik. "Sumqayıt"la oyun bitdikdən sonra kubokun cavab görüşünü düşünəcəyik.
- Mövsümün sonunda Braziliyaya dönəcəyin deyilir. “Qəbələ”də qalmaq istəyirsən, yoxsa ölkənə qayıdacaqsan?
- Hələ ki, heç nəyə qərar verilməyib. Mövsümün sonunda necə olacağını görəcəyik. Amma hələ heç bir klubla danışığım olmayıb. “Qəbələ” ilə də yeni müqavilə barədə danışmamışıq.
Mirbağırağa