"Qəbələ" Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
- Bilirdik ki, bizi çətin, ağır səfər gözləyir. "Sumqayıt" yaxşı komandadır. Hər iki komanda layiqli mübarizə apardı. Uda da bilərdik, uduza da. Şanslı tərəf biz olduq. Yolumuza davam edirik. Futbolçularıma təşəkkür edirəm, xatarker göstərdilər.
- İkinci hissədə komanda sanki oyundan qopmuşdu. Bunun səbəbi nə idi?
- Oyunu hissələrə bölməzdim. Biz qopmamışdıq. Sadəcə "Sumqayıt" çox yaxşı idi. Rəqib üstümüzə gəlirdi, təzyiq göstərirdi. Oyunun bir hissəsindən onlar bizdən üstün idilər. 0:2-dən sonra geridönüş etmək çox ağırdır. Sevinirəm ki, komandamda ruhu sağlam insanlar var.
- İlk sayılmayan qolunuzdan sonra çox aqressiv reaksiya verdiniz. Bu, nə ilə bağlı idi?
- Mənim aqressiyamı futbolçularım normal qəbul edirlər. Etdiyim jestin onlara heç bir təsiri olmur.
- Müsbət təsir etdi sanki...
- Ola bilər. Bəlkə də təsiri olub. Hakim epizodu sona kimi davam etdirə bilərdi. Amma qərar qəbul edən odur.
- Ardıcıl iki matçda eyni ssenari ilə geridönüş etdiniz. Bu haqda nə deyə bilərsiniz?
- Kənardan elə görünür ki, fiziki durumumuz yaxşıdır deyə bunu edə bilirik. Aylar öncə bizim fiziki durumun aşağı olduğunu müzakirə edirdilər. Bununla bağlanıram. Futbol detallardan ibarətdir. Bəzən alınır, onu nümayiş etdirirsən. Bəzən də istədiyini meydanda edə bilmirsən. İki oyunda geridönüş etməyi futbolçuların iradəsinə bağlayıram.
- Üç gün sonra kubokun cavab görüşü var. Komanda yorğunluğu üzərindən ata biləcək?
- Öncədən də bilirdik ki, bu period bizim üçün ağır keçəcək. Amma tək biz bu durumda deyilik. İndiki durumda heyətimiz genişdir, rotasiya etmək mümkündür.
- Əvvəllər komandanız qol epizodları yaradırdı, amma dəyərləndirə bilmirdi. Son matçlarda isə futbolçular fürsətlərdən yararlanmağı bacarır. Artıq bunun çarəsini tapdığınızı düşünmək olar?
- Yox. Futbolun sirr çubuğu yoxdur. Sadəcə oyun oyundan fərqlidir.
Elçin Əlixan
saytlarin hazirlanmasi