"Qəbələ" Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyununda "Səbail"i 1:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun ağır keçəcəyini təxmin edirdik. Sıx qrafikdəyik. Təbii otdan süni örtüklü meydançaya keçmək asan deyil. Komandam sona kimi oyundan qopmadı. Düşünürəm ki, layiqli qələbə qazanıb finala çıxdıq.
- Finala kimi çempionatda 5 oyun var. Bu qrafiki avrokuboklara vəsiqə qazanmaq baxımından necə dəyərləndirirsiz?
- Elə durumdayıq ki, heç finala çıxmağı qeyd etməyə vaxtımız yoxdur. Qarşıdakı "Səbail"lə çempionat oyunu bizi düşündürür.
- Qısa müddətdə eyni rəqiblə 3 dəfə oynamaq sıxıcı deyil?
- Yorucu deyil. Komandalar bir-birini oxuyublar. Qəbələdə də bizi ağır oyun gözləyir. Nəticə qazanmaq üçün əzmkarlıq göstərmək önəmlidir.
- Feras Abu Akal aqressiv görünürdü. Bunun səbəbi nə idi?
- Yarımfinaldır. Bunu normal qarşılamaq lazımdır. Futbolçular həddən artıq oyuna köklənmişdilər. Feras ümumi olaraq emosional futbolçudur.
- Rəqib azlıqda olmağına baxmayaraq hücumlar qura bilmirdiniz. Bu, nədən qaynaqlanır?
- Hesab tempi aşağı salmağımıza təsir elədi. Rəqibin azlıqda olması da futbolçuların aşağı tempdə oynamasına səbəb oldu. Hiss olunurdu ki, komanda nəticəyə oynayır. Bunu problem görmürəm.
- Ardıcıl 5 oyundur qələbə qazanırsız. Futbolçularda arxayınlıq yaranacağından qorxmursunuz?
- Məşqçi qorxdusa, işləməməlidir.
- Finala gedən yolda "Qarabağ" və "Səbail"i mübarəzidən kənarlaşdırdız. Hansı daha çətin oldu?
- "Qarabağ" kimi komandanı keçmək böyük güc tələb edir. Rəqibləri seçməzdim. "Səbail"lə oyunlar da ağır idi. Futbolçuları təbrik edirəm. Böyük xarakterə, böyük ruha sahibdirlər. Bizi qarşıda 5 dənə final matçı gözləyir. Hamısına kökləmək mütləqdir.
- Finalda rəqibiniz olan "Neftçi"nin oyununu izlədiniz. Fikirləriniz necədir?
- "Neftçi" "flaqman"dır. Bilirik ki, onlar da kuboka iddialıdır. Biz də əlimizdən gələnin ən yaxşısı edəcəyik ki, hədəfə çataq.
Elçin Əlixan
saytlarin hazirlanmasi