"Qəbələ" tarixində 850-ci qolu vurub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yubiley Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşünə təsadüf edib. “Səbail”in qonağı olan “qırmızı-qaralar” 1:0 hesabı ilə qalib gəlib. Qələbə topuna, həm də klub tarixinin bütün turnirlər nəzərə alınmaqla 850-ci qoluna İsnik Alimi imza atıb.
2005-ci ildə peşəkar klub kimi fəaliyyətə başlayan “Qəbələ” bu yubileyi 648-ci matçında gerçəkləşdirib. Komandanın ilk qolu 2005-ci il sentyabrın 21-də birinci dəstənin “Şərur”la ev matçında (8:0) vurulub. 23-cü dəqiqədə rəqib futbolçu İlqar İbrahimov avtoqol müəllifi olub.
İsnikin “ASCO Arena”da dəqiq yerinə yetirdiyi penalti həm də Azərbaycan kubokunda 50-ci səfər qoludur. Bu, rəqib meydanındakı 35-ci görüşə təsadüf edib.
Bu turnirdə ilk səfər qolu 2005-ci il oktyabrın 15-də qeydə alınıb. MOİK-lə qarşılaşmada (4:0) İbrahim Hüseynov fərqlənib.
“Səbail”ə vurulan top şimali makedoniyalı legionerin “Qəbələ” formasında 20-ci qolu olub. O, 68-ci matçında bu rəqəmə çatıb. Alimi klub tarixinə 20 və daha çox top vuran 9-cu futbolçu kimi düşüb. “5 nömrə” ilk dəfə 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfər görüşündə (2:2) rəqib qapısına yol tapıb. Yarımmüdafiəçi 67-ci dəqiqədə penaltidən dəqiq yararlanıb.
saytlarin hazirlanmasi