"Qəbələ"nin yarımmüdafiəçisi Ayyub Allaş Sportal.az saytına müsahibə verib. Belçikalı futbolçu komandasının ölkə kubokunda finala vəsiqə qazanmasından və çempionatdakı məqsədlərindən söz açıb.
- "Qəbələ" finala vəsiqə qazanmağı bacardı. Yarımfinalda "Səbail"i 1:0, 3:2 hesabı ilə məğlubiyyətə uğratdınız. Deyəsən, yarımfinal mərhələsi sizin üçün çətin keçmədi...
- Bizim çox güclü komandamız var. Kubok görüşləri, yarımfinal mərhələsi çempionat oyunlarından çox fərqlənir. Biz sona qədər mübarizəmizi apardıq və nəticədə qalib gələ bildik.
- Azərbaycana gəldiyin ilk ilindəcə ölkə kubokunda final oynayacaqsan. Hər halda, artıq bura gəlməyini özün üçün uğur hesab edirsən?
- Bu, məni çox xoşbəxt edir. Mən Azərbaycana və "Qəbələ"yə elə-belə gəlməmişəm. Komandama xeyir vermək, məqsədlərə çatmaq üçün buradayam. Çalışacam ki, meydana çıxdığım hər oyunda komandama xeyir verim.
- Final matçı haqda hansı fikirdəsən? "Qəbələ" finalda "Neftçi" ilə qarşılaşacaq. Sizin üçün çətin rəqibdir?
- Rəqibin kimliyindən asılı olmayaraq, mən komandama sonuna qədər güvənirəm. Çempionat oyununda "Neftçi"yə qalib gəlməyi bacardıq. Finalda şanslar 50/50-dir.
- Final görüşü "Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena"da baş tutacaq. Bunu öz komandan üçün mənfi hal hesab edirsən?
- Məncə, bu, heç bir komanda üçün mənfi hal deyil. Çünki söhbət final görüşündən gedir. Final isə bir oyundan ibarətdir. Həlledici matçda yer aldığımıza görə xoşbəxtik. Ən yaxşısı üçün çalışacağıq.
- "Qəbələ" növbəti oyununu ölkə çempionatının 32-ci turunda "Səbail"ə qarşı keçirəcək. Oyunla bağlı fikrin necədir?
- Bəli, yenidən "Səbail"ə qarşı oynayacağıq. Məncə, biz bu dəfə də qalib gələcəyik. Eyni ruhda da yolumuza davam etməliyik. Oyunlarımızı ardıcıl olaraq qalib başa vururuq. Bu mənada, qələbə seriyasını qoruyub-saxlamaq vacibdir.
- Azərbaycan çempionatında bir kluba qarşı 4 dəfə oynayırsan. Kubok matçını da nəzərə alsaq, eyni komanda ilə bir sezonda 6 dəfə qarşılaşmaq ehtimalı yüksəkdir. Bu haqda fikrin necədir?
- Bilirəm ki, Azərbaycan Premyer Liqası fərqlidir. Yəni, format olaraq bir çox çempionatlardakı kimi deyil. Amma bu, mənim üçün önəm kəsb etmir. Liqanın formatı necə olursa-olsun, mən hər matçda komandama kömək etməyə çalışıram.
Mirbağırağa
saytlarin hazirlanmasi