Murad Musayev “Qəbələ”də 100-cü oyununu keçirib.
Sportal.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXII turuna təsadüf edib. “Səbail”lə ev matçı (4:2) arxa xətt oyunçusunun “qırmızı-qaralar”ın heyətində 100-cü sınağı olub. Murad bu qarşılaşmalarda 3 qola imza atıb.
Müdafiəçinin “Qəbələ”dəki debütü 2012/13 mövsümündə gerçəkləşib. O, 2012-ci il avqustun 10-da Premyer Liqanın “İnter”lə görüşündə (1:0) şans qazanıb. Musayev ümumilikdə ölkə çempionatında 87, kubokda 12, avrokuboklarda 1 matçın iştirakçısı olub. Onun bütün qolları Premyer Liqaya təsadüf edib.
Müdafiəçi “Qəbələ”nin tarixinə 100 və daha çox oyun keçirən 13-cü futbolçu kimi düşüb. Bu göstəricidə rekord Urfan Abbasova məxsusdur. O, “qırmızı-qara” formada 263 matça çıxıb.
Xatırladaq ki, “Səbail”lə qarşılaşma “Qəbələ”nin Premyer Liqada 500-cü oyunu olub.
saytlarin hazirlanmasi