"Ötən turda məğlub olmuşduq. Təəssüf ki, belə alınmışdı. Halbuki, biz hər oyuna qələbə üçün çıxırıq. Növbəti görüşümüz "Sabah"a qarşıdır. Məğlubedilməz komanda yoxdur. Futbolda hər şey mümkündür. Əsas inanmaq və istəməkdir. Biz də bu cür edirik".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in yarımmüdafiəçisi Giorgi Kantariya deyib.
Gəncə klubunun aparıcı üzvü olan gürcü futbolçu Misli Premyer Liqasının 33-cü turunda “Sabah”a qarşı keçirəcəkləri matçdan gözləntilərini bölüşüb. Kantariya bu matçda qələbə qazana biləcəklərini söyləyib. Komandaya yayda qoşulan Giorgi yeni mövsüm "Kəpəz"də qalıb-qalmayacağına hələ ki, qərar verməyib:
"Düzü, hələ ki, müqavilə barədə düşünmürəm. Heç kimlə bu haqda danışmamışam. İndi bütün diqqətimi “Kəpəz”in qarşıdakı oyunlarına yönəltmişəm. Mövsümün sonunda necə olacağına baxacağıq".