"Kəpəz"in İdarə heyətinin rəhbəri İlqar Nadiri "Səbail"lə keçirilən yoxlama matçından öncə jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:
- "Kəpəz" çox yenilənib?
- Demək olar ki, 50-60 faiz. Bir neçə futbolçunu komandada saxladıq. Bununla yanaşı heyətə yeni oyunçular cəlb edə bildik. Heyəti qorumaqda 50 faiz bacardıq, 50 faiz bacarmadıq.
- Bacarmaq üçün nə çatmadı?
- Futbolçuların Maddi baxımdan tələbləri var idi ki, onları qarşılaya bilmədik. Mövsümün bitməsinə az qalmış bilirdik ki,onlar klubu tərk edəcək. Qış fasiləsindən sonra oyunçularla danışıqlara başlamışdıq. Təəssüf ki,hamısını saxlaya bilmədik.
- Daxili bazarda qiymətlər çox qalxıb?
- Bəli. Bizim kimi sponsoru olmayan komandalar üçün çox ağırdır. Heyəti elə qurmalıyıq ki, balans pozulmasın. Buna görə də bəzi futbolçuları saxlamaqda çətinlik çəkdik.
- Ötən mövsüm problemləri daxili imkanlar hesabına həll edirdiniz. İndi vəziyyət necədir?
- İndi də eyni prosedur davam edir. Dəyişən bir şey yoxdur. Komanda yeni mövsümə hazırlaşır. Bildiyim qədərilə toplanışı ölkə xaricində keçməyən tək komanda bizik. Keçən mövsüm də bu hal baş vermişdi. Çalışacağıq ki, Bakıda yaxşı hazırlaşaq.
- Heç cür imkan olmadı xaricə getməyə?
- Xeyr. Orada da qiymətlər kifayət qədər qalxıb. Klubun sponsoru olmadan xaricə getmək mümkün deyil. Çalışırıq ki, heç olmasa heyəti formalaşdıraq və çempionat üçün lazım olan digər təşkilati işləri yerinə yetirək.
- Neçə transfer edəcəksiz?
- Demək olar ki, yerli futbolçuların transferini bitirmişik. Legionerlərdən biri olan qapıçı artıq bu gün gəlib. Bir yarımmüdafiəçi var, onun da viza işi yekunlaşmaq üzrədir. Bundan sonra üç legionerin transfer olunacağı gözlənilir. Birindən cavab gözləyirik. Tələsmirik, seçimləri düz etmək istəyirik.
- Vizanı gözləyən oyunçu hansı ölkədəndir?
- Nigeriyadan.
- "Kəpəz"in yeni mövsümdə hədəfi nə olacaq?
- Döyüşkən komanda formalaşdırmaq, Premyer Liqada yerimizi qorumaq istəyirik.
- Abdullahi Şuaybuya maraq var idi. Onu niyə satmadınız?
- Bəli, maraq var idi. Onun üçün müəyyən məbləğ qoymuşduq. Buna yaxın məbləğ təklif olundu. Baş məşqçinin də fikri önəmlidir. Azər Məmmədov Şuaybunun komandada qalmasını istədi. Biz də qərara gəldik ki, onu satmayaq.
- Təklif hansı ölkədən idi?
- Azərbaycan və Türkiyədən təkliflər var idi. Minimum tələbimiz var idi ki, 100 min dollar klubun hesabına keçsin. Bu tələbi tam yerinə yetirən olmadı. 80 min dollar təklif edən oldu.
- Yeni baş məşqçinin qarşısına hansı tələblər qoyulub?
- Azər Məmmədov uzun illər "Kəpəz"də futbol oynayıb. Onu auditoriyaya tanıtmağa ehtiyac yoxdur. İlk ilidir. Azər müəllimə və onun məşqçilər korpusuna güvənirik. İnanırıq ki, yaxşı kollektiv formalaşdıracaq.
- Bazada görülən işlər nə yerdədir?
- Tikinti-təmir işləri may ayında yekunlaşıb. Mebel və təchizat işləri qalıb. Bunlar da bitmeli idi. Maliyyə ödənilməlidir. Bundan sonra hər şey təhvil veriləcək.
- Açılış nə vaxt olacaq?
- Bu, bizdən asılı deyil. AFFF-nın qərarından asılıdır. Yəqin ki, avqust ayında olar.
- Sponsor məsələsi həll olunacaq?
- Bu, çox qəliz məsələdir. Danışıqlar aparırıq. Tək klub yox, Gəncədən olan dövlət rəsmiləri də bu məsələdə maraqlı olmalıdır. Bəlkə də biz fikrimizi onlara çatdıra bilmirik. Şəhərin rəhbərliyi də bizə kömək etməlidir. Müəyyən qədər kömək edirlər. Amma daha çox kömək etsələr, yəqin ki, sponsor məsələsi həll olunar.
- Bu yaxınlarda FİF "İmişli"yə sponsor tapdı...
- Bəli. Həmin sponsorla biz görüşmüşdük. Sadəcə olaraq "İmişli"ni seçdi. Biz nə deyə bilərik ki?
- Sizə qəribə gəlmədi ki, Gəncəyə yox, İmişliyə üstünlük verildi?
- Mən belə başa düşdüm ki, Gəncə onun üçün böyük gəldi. Başqa nə ola bilər ki? Hər halda Premyer Liqanı qoyub İ Diviziona gedirsə, demək ki, buradakı öhdəliklər ona ağır gəlib.
- Maliyyə ilə bağlı danışıqlar olmuşdu?
- Xeyr. Ümumi görüş olmuşdu. Görüşdə FİF rəhbəri də iştirak etmişdi.
- FİF-in fəaliyyətini necə dəyərləndirirsiz?
- Onlar hazırda prioritet "Kəpəz"i seçiblər. Çalışırlar ki, sponsor tapsınlar.
- Real danışıqlar var?
- Real bir şey yoxdur. Amma danışıq aparılan iş adamları var. Biz də istəyirik ki, tez olsun.
- AFFA bəzi klublardan pul tutulduğunu bildirdi. "Kəpəz"də də tutulma olub?
- Bəli, olub. Bununla bağlı dünən federasiyası rəhbərliyi ilə görüşmüşəm. Məbləğ çox böyükdür. Nəzərdə tutulan büdcənin 20 faizi tutulub. Bu, bizim kimi klub üçün böyük rəqəmdir. Maaşların verilməməsi, təlim-məşq toplanışına getməmək bununla bağlıdır.
- Nə deyirlər?
- Biz lazım olan sənədləri vermişik.
- Hər hansı güzəşt ola bilər?
- Güzəştdən söhbət getmir. Heç biz də bunu istəmirik, haqqımızı istəyirik.
- Bu məsələ ilə bağlı AFFA-ya sorğu göndərmişdik, amma cavab gəlmədi...
- Kəsilmələr bütün klublarda var. Digər klublardan fərqli olaraq kəsilmə bizə çox pis təsir edir, maaşları verə bilmirik. Tutulma birbaşa klubun fəaliyyətinə təsir edir.
- Neçə ayın maaşı verilməyib?
- Futbolçulara may ayının maaşının 80 faizini ödəyə bilməmişik. Ümid edirik ki, növbəti həftə bununla bağlı müsbət cavab gələcək.
Elçin ƏIixan
saytlarin hazirlanmasi