"Kəpəz"in futbolçusu Tural Rzayev Sportal.az saytına müsahibə verib:
- Son turda "Sabah"la heç-heçə etdiz. Matç haqda fikirlərini bildirərdin...
- Həqiqətən də maraqlı və bol qollu oyun oldu. Bura xal almağa gəlmişdik. Son üç oyunda istədiyimizi ala bilmirdik. Matça yaxşı hazırlaşmışdıq, motivasiyamız yaxşı idi. Hamı meydanda canını qoydu, mübarizə apardı. Bunun nəticəsində səfərdə 1 xal qazandıq
- Oyundan əvvəl azarkeşlər sizi yanlarına çağırıb nə dedilər?
- Nəticədən asılı olmayaraq hər zaman bizi dəstək olduqlarını dedilər. Sağ olsunlar, həmişə də dəstək olurlar. Hamısına təşəkkür edirəm.
- Beş xal qazanmısız və bu xallar güclü rəqiblərdən alınıb. Digər komandalardan xal ala bilməməyinizin səbəbi nədir?
- Mən bu haqda heç nə deyə bilmərəm. Baş məşqçimiz daha yaxşı bilər.
- Motivasiya ilə bağlı ola bilər?
- Doğru vurğulayırsız. Komanda güclü rəqiblərə qarşı daha yaxşı motivasiya olur. Düşünürəm ki, evdə itirdiyimiz xallar motivasiyanın azlığı ilə bağlıdır. Ümid edirəm ki, "Sabah"la matç bizim üçün dönüş nöqtəsi olacaq.
- Bundan əvvəlki oyunda azarkeşlər baş məşqçiyə "istefa" şüarları səsləndiriblər. Gəncədə nə baş verir?
- Düşünmürəm ki, stadionda hamı "istefa" qışqırırdı. Müəyyən bir qisim idi. Səbəbini bilmirəm. Əfsuslar olsun ki, Gəncədə həmişə belə problemlər yaşanır. Gəncədə qruplaşmalar olur. Bu, heç kimə sirr deyil. Bunu "Kəpəz" azarkeşlərinə aid etmirəm. Xırda qruplar olur. Bilmirəm hansı maraqlara xidmət edirlər. Hamı görürdü ki, bütün stadionun reaksiyası deyil. Əsl "Kəpəz" azarkeşləri yaxşı gündə də, pis gündə də komandanın yanında olurlar. Bu, futboldur. Bizim büdcəmiz məlumdur. Ən aşağı büdcəsi olan klubuq. Hamı əlindən gələnin ən yaxşısını etməyə çalışır. Çempionat uzundur. Mövsümün əvvəlində belə yanaşma düzgün deyil. Qabaqda çox oyunlar var. Nə olacağını bilmək olmaz.
- 7 tur arxada qalıb. Çempionat haqda fikirlərin necədir?
- Əvvəlki illərə baxanda hər kəs üçün çox maraqlıdır. Bu çempionatda istənilən komanda istənilən komandanı məğlub edə bilər.
Elçin Əlixan
saytlarin hazirlanmasi