"Kəpəz"in qapıçısı Kamran İbrahimov "Zirə" ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Yaxşı mübarizə apardıq, vuruşduq, qələbə qazanmağa çalışdıq. Amma qol vura bilmədik. İstənilən halda, qapımızdan top da buraxmadıq. Ən azından bir xal götürə bildik. "Zirə" oturuşmuş komandadır. İki ildir ki, Premyer Liqaya çıxmışıq. Vuruşduq, bir xalı qazana bildik.
- Xal aldığınız komandaların hamısı iddialılardır. Bunu nə ilə əlaqələndirmək olar?
- Motivasiya ilə bağlı ola bilər. Hər oyunda qələbə qazanmağa çalışırıq. Olmayanda da olmur. Futbol elədir ki, bəzən alınır, bəzən yox.
- Əvvəlcə "Kəpəz"də qapıçı problemi oldu, yeni qolkiper gətirdilər. Bu gün meydana çıxdın, daha inamlı oynayırsan....
- Özümə inam gəldi. Yeni komandaydıq, yeni yığışmışdıq. Həmin il alınmadı. Amma bu il məşqçilər sağ olsunlar, özümü göstərməyə şans verdilər. Bundan istifadə etdim və indi əsas qapıçıya çevrildim.
- Ancaq yeni qolkiper də komandaya cəlb edilib. Bu məqam səni narahat etmir?
- Rəqabət artır. Biz bir-birimizi gücləndiririk. Bu da yaxşı haldır.
- Bu dəfə Gəncədə yox, Tovuzda oynadınız. Tovuz stadionu sizin üçün düşərli oldu?
- Bəli. Həm "Zirə"nin, həm də bizim oyunumuz alınmadı. Təbii örtüklü meydanda məşq edib, sünidə oynamaq bizim üçün çətindir. Azərbaycan çempionatında iki süni örtüklü meydançası olan komanda var, biri "Səbail", digəri "Turan Tovuz"un. Bu cür meydanda oynayanda hər komanda əziyyət çəkir. Təbii örtükdə məşq edib, sonra süni meydançada oynamaq zədələrə yol açır, yorğunluq daha çox olur.
- Bunu daha çox meydan oyunçuları deyir. Qapıçılar üçün də keçərlidi?
- Bəli, keçərlidir. Topun istiqaməti, sürəti, hər şeydə fərqlilik var.
- "Kəpəz"in turnir cədvəlindəki durumu yaxşı deyil. Gələcəkdə necə olacaq? Komanda nə etməlidir ki, xallar qazansın?
- Hər oyunda mübarizə aparacağıq. Bilirəm ki, komandamızın xal baxımından vəziyyəti o qədər də yaxşı deyil. Sadəcə bundan sonrakı oyunlara baxmaq lazımdır. Çalışacağıq ki, uğurlu nəticələrimiz olsun.
- Qarşıdakı turda qərb derbisi olacaq. "Turan Tovuz"la matç haqda hansı fikirdəsən? "Zirə" ilə oyundan iki qat çətin olacağını düşünürsən?
- Matç "Turan Tovuz"un öz meydançasında olacaq. Bizim üçün çətin keçəcək. Süni meydanda oynamağın özü də çətindir. Əslində, "Turan Tovuz" özü də təbii örtüklü meydanda məşq edir, daha sonra süni meydançada oynayır. Onlar da çətinlik çəkir. İki komanda üçün də asan keçməyəcək. Lakin bizim üçün ikiqat çətin alınacaq. Çünki "Turan Tovuz"un stadionunda oynayacağıq. Azarkeşlərimiz isə bizə hər zaman dəstək olurlar. Bir saatlıq yoldur, uzun məsafə deyil. Gəlirlər, dəstək olurlar, sağ olsunlar.
saytlarin hazirlanmasi