"Kəpəz" Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin kapitanı Yeqor Xvalko matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Ardıcıl məğlubiyyətlərdən sonra çətin vəziyyətdə idik. Buna görə də toparlanmalıydıq. Psixoloji durumumuzu qaydaya salmağa çalışırdıq. 11 tur ərzində qələbə qazanmamışdıq. Nəhayət ki, bu uğursuz seriyaya son qoyduq.
- Bu qələbəni sensasiya hesab etmək olar?
- Belə deməzdim. Oyun bərabər səviyyədə idi. Matç ilk qola kimi idi. Hesabı hansı komanda açsaydı, o da da qalib gələcəkdi. İlk hissədə hər iki tərəfin şansları var idi. Lakin nə biz fərqlənə bildik, nə də rəqib. Nəhayət ki, sona yaxın istəyimizə çatdıq. Vurduğumuz qol nəticəni müəyyənləşdirdi.
- Son oyunlarda uğursuz nəticələrin səbəbi nədir?
- Əslində biz hər matçda nəticə qazanmaq üçün çalışırıq. Lakin bəzən gözlənilməz hallar yaşanır. Məsələn, “Turan Tovuz”la görüşdə pis çıxış etmirdik. Rəqib birinci hissənin sonuna yaxın fərqləndi. Bu cür qollar komandaya mənfi pis təsir edir. Fasilədən sonra matçın gedişatını dəyişmək istəyirdik. Amma ikinci 45 dəqiqə başlar-başlamaz rəqib növbəti qolu vurdu. Bundan sonra oyunun ipi əldən getdi. 0:2-dən sonra nəyisə dəyişməz mümkünsüz idi. Yaxud “Qarabağ”la oyun olsun. Komandanın gücü hər kəsə məlumdur. Sadəcə 1-ci dəqiqədə qapımızda qol gördük. Bu cür rəqiblə ilk dəqiqədə qapında qol görmək çox ağırdır.
- Azər Məmmədovun istefa verməsini necə dəyərləndirirsən?
- Hamı başa düşür ki, nəticə yoxdur. Buna görə də Azər Məmmədov komandadan getdi. Təbii ki, baş məşqçinin gedişi pis təsir edir. Biz onun etimadığını doğrultmadıq. Sağollaşmaq hər zaman insanı məyus edir. Bu, xoş deyil. Lakin bu da futbolun bir hissəsidir. “Araz-Naxçıvan”la oyunu məhz onun üçün udmalıydıq.
- Bəs növbəti oyunu kimin üçün udmalısız?
- İlk növbədə özümüz üçün. Meydana çıxırsansa, adın, ailən üçün mübarizə aparmalısan. Biz də əlimizdən gələni edəcəyik ki, bu qələbənin ardını gətirək.
- Qarşıda milli fasilə gəlir. Bunun komandaya təsiri necə olacaq?
- Məncə, bu, “Kəpəz”in xeyrinə olacaq. Yeni baş məşqçi gələcək. Onun komandanı tanıması üçün zamana ehtiyac var. Eləcə də biz baş məşqçinin nə istədiyini bilməliyik. Odur ki, bu cür vəziyyətlərdə fasilə hər zaman faydalı olur. Məşqlərimizdə yükləmə çox olacaq. Növbəti matça qədər daha yaxşı durumda olacağıq.
- "Qarabağ"a 1:7 hesablı məğlubiyyətdən sonra xeyli müddət tribunada olan azarkeşlərlə söhbət etdiniz. Orada nəyi müzakirə edirdiniz?
- Əsas problem azarkeşlərlə müzakirə aparmaq deyil. Bu, normal haldır. Əsas problem aldığımız ağır məğlubiyyət idi. 1:7 nadir hesabdır. Psixoloji cəhətdən bu cür məğlubiyyətdən sonra toplarlanmaq çətindir. Sonuncu pillədə idik. Az qol vururuq və cəmi 1 qələbə qazanmışıq. Azarkeşlər bu cür gedişatdan narazı olmaqda tam haqlıdırlar. Biz onlara hörmət edirik.
- Ev oyunlarını Gəncədə keçirə bilmirsiz. Bu, komandaya necə təsir edir?
- Gəncədə azarkeş daha çox olurdu. Üstəlik, öz evin, doğma divarlar da bəzən kömək olur. Yenə də Bakı ilə müqayisədə Tovuzda oynamaq məsafə baxımından daha yaxşıdır.
- Tovuzda süni örtüklü meydançada oynamağın mənfi təsiri var?
- Mən məsələyə fərqli yanaşıram. Sintetik meydanda qazon düz olur. Kələ-kötür olmur. Buna görə də sintetik qazonda oynamaq mənim üçün problem deyil.
Elçin Əlixan
saytlarin hazirlanmasi