"Kəpəz" Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Elmar Baxşıyevin çox yaxşı komandası var. Qələbə qazandığımız üçün çox sevinirəm.
- Qısa müddətdə komandanı necə dəyişə bildiz?
- Mən sehrli çubuq deməzdim. Rəhbərlik hər zaman komandanın yanındadır. Bu, çox vacib amildir. Çalışırıq ki, futbolçuları motivasiya edək, oyunlara hazırlayaq. Hazırda etdiklərimiz bizim tam olaraq istədiklərimiz deyil. Qarşıda böyük oyunlar var. Çalışacağıq ki, daha yaxşı olaq.
- Oyun planınız nədən ibarət idi?
- "Qəbələ"ni təhlil etmişdik. Bilirdik ki, ilk dəqiqələrdə ön xəttdə çox aqressiv olurlar. Rəqibin hücumla müdafiəsi arasında böyük məsafə olur. Oyunumuzu da bunun üzərində qurmuşduq. Çalışırdıq ki, bu boşluqdan istifadə edib sürətli hücumlar quraq. Bu gün bunu edə bildik.
- Şakir Seyidovu fərqli mövqedə oynatmağınızın səbəbi nə idi?
- Onu çoxdan tanıyırıq, potensialına bələdik. Həmin mövqedə oynaya bildiyini bilirdik, ona güvənirdik. Şakirin faydalı iş əmsalı həmin mövqedə daha yüksəkdir.
- Qış fasiləsindən sonra heyətdə gənc futbolçuları görə biləcəyik?
- Həmişə deyirəm ki, gənclərə şans verməliyik. Elə şans olmalıdır ki, uşaqlar həmin oyunlarda öz potensiallarını göstərə bilsinlər. Bu gün Əli ilə Cavadı meydana buraxdıq. Gəncə futbolunun gələcəyi üçün kimlərisə qazanmağa çalışırıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi