"Kəpəz" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"a 3:4 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Gəncə təmsilçisinin müdafiəçisi Vüsal Məsimov matçdan sonra Sportal.az saytının əməkdaşının suallarını cavablandırıb:
- Ağır oyun olacağını bilirdik. "Sabah" çempionatda ən yaxşı futbol oynayan komandalardan biridir. Onlardan oyun baxımından heç də geri qalmadıq. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Baş məşqçi bizi sırf buna kökləmişdi. Əslində bacarırdıq. Sadəcə bir az şanssızlıq oldu. Son dəqiqələrdə buraxdığımız qola görə məğlub olduq. Məyusam.
- Qələbə üçün nə çatmadı?
- Məncə, qalibiyyət üçün hər şeyi etdik. Bütün futbolçular meydanda vuruşdu. Əlimizə düşən fürsətlərdən maksimum istifadə etdik. Rəqibin son dəqiqələrdə vurduğu qol bizi qələbədən məhrum etdi. Əlavə vaxt olsaydı, nəsə edə bilərdik.
- Əlavə vaxta hazır idiz?
- Bəli. Baş məşqçimiz bizi buna hazırlamışdı. Məşqlərdə penaltilərin üzərində çalışırdıq.
- Rəqib oyunçu ilə aranda insident yaşandı. Orada nə baş vermişdi?
- Oyun dayandı, rəqib futbolçu topu ayaqlarımın arasından keçirmək istəyirdi. Bunu hörmətsizlik kimi qəbul etdim. Həm də məğlub olurduq. Bir az əsəbi idim. Qısa bir mübahisə oldu.
- Artıq kubokda mübarizəni dayandırdız. Bu, çempionata yaxşı köklənməyə kömək edəcək?
- Bəli. Çalışacağıq ki, Premyer Liqaya daha yaxşı köklənək. Hər iki cəbhədə mübarizə aparmaq yaxşı olardı. Amma alınmadı. Çempionatda öz gücümüzü göstərəcəyik.
- Qarşıda "Neftçi" ilə oyun var. Bu matçdan gözləntin nədir?
- Meydana qələbə üçün çıxacağıq. "Neftçi" güclü rəqibdir. Amma biz də yaxşı komandayıq. Bakıya 3 xal üçün gedəcəyik.
Elçin Əlixan
saytlarin hazirlanmasi