"Qəbələ" Azərbaycan Premyer Liqasının 21-ci turunda doğma meydanda "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
"Qırmızı-qaralar"ın qolunun müəllifi olan Ülvi İsgəndərov matçdan sonra Sportal.az saytının əməkdaşının suallarını cavablandırıb:
- “Zirə”nin qapıçılarının qəniminə çevrilmisən. Nə məsələdir?
- Qismətdir də. Məşqlərdə uzaqdan zərbələrin üzərində çalışıram. Oyun bizim üçün ağır oldu. Belə olacağını gözləyirdik. "Zirə" yaxşı komandadır.
- "Zirə" ilə matçlarınızda xüsusi aqressiya hiss olunur. Bunun səbəbi nədir?
- Aqressiya yoxdur. İndiki durumumuz onu tələb edir ki, bütün rəqiblərə qarşı aqressiv olaq. Çünki, bizə xallar lazımdır.
- Oyundan əvvəl rəqibin zəif tərəflərini təhlil etmişdiz?
- Əlbəttə. Rəqibdən asılı olmayaq bütün oyunlara ciddi hazırlaşırıq. Hər matçdan öncə bütün komandaları ciddi şəkildə təhlil edirik.
- Səncə vurduğun qol ayın qolu seçiləcək?
- Onu deyə bilmərəm. Ay təzə başlayıb.
- Səncə, bundan yaxşı qol vurulacaq?
- İnşallah. Bilmirəm nə deyim.
- Səncə, “Neftçi”yə də belə qol vura bilərsən?
- Əlbəttə ki, vura bilərəm. Qapıçı öndə olursa, bəxtimi sınayıram. Qolkiper qabaqda deyilsə, komanda yoldaşıma ötürmə edirəm.
- Bu qol daha yaxşı idi, yoxsa Mehdi Cənnətova vurduğun?
- Məncə, Mehdiyə vurduğum. Çünki son dəqiqədə vurmuşdum. O, qol bizə qələbə qazandırmışdı. Həm də tam meydanın mərkəzindən zərbə endirmişdim.
- Uzaq məsafədən qol vurmaq istəyəndə ən çox nəyi nəzərdən keçirirsən? Qapıçının boyunu nəzərə alırsan?
- Yox. Qapıçı qabaqdadırsa, zərbəni endirirəm. Düşünürəm ki, həmin topa çata bilməyəcək.
- Zəhmət olmasa, səmimi cavab ver. Zərbəni vurduqdan sonra, top göydə olanda hiss edirdin ki, qol olacaq?
- Allaha dua edirdim ki, qol olsun.
- Komanda çox çətin durumda idi. 5-6 futbolçunuz yox idi. Özünüzü bu oyuna necə köklədiniz?
- İtirəcəyimiz heç nə yoxdur. Bizə vacib xallar lazım idi. Sonuncu pillədən qurtulmaq üçün oyunlara köklənirik. Kiminsə olub-olmaması o qədər də önəmli deyil.
Elçin Əlixan
saytlarin hazirlanmasi