"Qarabağ"dan başqa bütün klublar aşağı-yuxarı eyni gücdədir" - MÜSAHİBƏ

11:34 - 11 Fevral 2024

"Səbail"in müdafiəçisi Yusif Nəbiyev Sportal.az saytına müsahibə verib.

- "Səbail" "Zirə" ilə kubok görüşlərdə məğlub olaraq mərhələ adlaya bilmədi. Səncə, mərhələ adlamaq niyə alınmadı?

Bəli, təəssüf ki, artıq kubok bizim üçün bitdi. "Zirə"ni növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Məncə, "Zirə"yə istək məsələsində uduzduq. Bu da bizə dərs olmalıdır. İndi bütün fikrimizi qarşıdakı matçlara yönəltmişik. 

- İlk oyundan sonra geridönüş edəcəyinizə inamınız var idi? Cavab görüşündə niyə 0:3 hesabı ilə uduzdunuz?

İlk oyunda uduzsaq da, səfər oyunundan əvvəl inamımız çox idi. Sadəcə, o oyunda bizim günümüz deyildi. Erkən qol buraxdıq. Ondan sonra da irəliyə atıldıq. Belədə, 2-ci və 3-cü qolları buraxıb uduzduq. Amma "Zirə" ilə oyunlarda gələcək üçün təcrübə qazandıq. Başqa da heç bir şey. 

- Artıq kubokla vidalaşdınız, yəqin ki, fikrinizi tam olaraq çempionata yönəldəcəksiz. İki cəbhədə oynamaq çox ağır idi? İndi daha rahat olacaqsız?

Bundan sonra bütün fikrimiz çempionat oyunlarında olacaq. İki cəbhədə oynamaq çətin idi. Ancaq biz hər iki cəbhədə oynamaq istəyirdik. Sadəcə olaraq, bacarmadıq. Kubok artıq geridə qaldı. Qarşıdakı çempionat matçlarına köklənmək lazımdır. 

- "Səbail"in çempionatdakı mövqeyi yaxşı deyil, 7-ci pillədəsiz. Bu, sizi razı salır? 

Bəli, turnir cədvəlində mövqeyimiz yaxşı deyil. Sadəcə bir qələbə özünəinamı geri qaytaracaq. Premyer Liqada 2-3 ardıcıl qələbə komandanı üst pilləyə qaldırır. "Qarabağ"ı çıxmaq şərtilə bütün komandalar bir-birinə yaxındır. Buna görə də, bütün matçlarda əlimizdən gələni edəcəyik.

- Komandanın mövsümün sonunda avrokuboklara vəsiqə verən yerlərdən birini tutması nə dərəcədə realdır? Buna gücünüz çatacaq?

Hər şey mümkündür. Niyə də olmasın? Şans olsa, bundan maksimum istifadə etməliyik. Gücümüzə gəldikdə, məncə, "Qarabağ"dan başqa bütün klublar aşağı-yuxarı eyni gücdədir. Sadəcə, bəzi komandalarda adlar bir az fərqlidir, bu qədər.

- Növbəti görüşünüzü sabiq komandan olan "Kəpəz"ə qarşı keçirəcəksiz. Onları səfərdə məğlub edə biləcəksiz? Rəqibiniz son vaxtlarda yüksəlişdədir...

Dediyim kimi, kubok görüşü artıq geridə qaldı. İndi "Kəpəz"lə oyuna hazırlaşırıq. Təbii ki, çətin olacaq. Qarşımızda son vaxtların yaxşı futbol oynayan komandası var. Ancaq şanslar eynidir. Kim daha dəqiq, daha istəkli olarsa, o da xal və ya xallar qazanacaq. Çalışacağıq ki, uğurlu nəticə qazanaq.

Mirbağırağa

Xəbər xətti