"Neftçi"nin futbolçusu: "Qarabağ"la oyuna 3 xal üçün çıxacağıq"

21:36 - 29 Fevral 2024

“Neftçi”nin jurnalistlər üçün təşkil etdiyi ənənəvi mətbuat konfransında növbəti qonaq Kilan Lebon idi.

Fransada doğulan, San Martin millisinin şərəfini qoruyan 26 yaşlı futbolçu “Neftçi Arena”nın konfrans zalında jurnalistləri maraqlandıran sualları cavablandırıb.

- Bir ildən çoxdur “Neftçi”dəsən. Burada özünü necə hiss edirsən?

- Özümü burada çox rahat və xoşbəxt hiss etdiyimi deyə bilərəm. Sevinirəm ki, “Neftçi”nin bir parçasıyam. Ölkənin ən yaxşı klublarından birində, bəlkə də birincisində oynayıram.

- “Neftçi” daha öncə şərəfini qoruduğun komandalardan nə ilə fərqlənir?

- “Neftçi”nin hədəfləri böyükdür – çempion olmaq, avrokuboklara vəsiqə qazanmaq, uğurlu oynamaq. Burada hər zaman təzyiq hiss edirsən və buna dözməlisən. Düzdür, “Astana”da da təxminən eyni vəziyyət idi. Amma digərləri ilə müqayisə etsək, “Neftçi”nin fərqi onun iddialarıdır.

- San Martin millisinin formasını geyinirsən. Bu ölkəni bizə necə tanıda bilərsən? San Martində Azərbaycanı necə tanıyırlar və ya sən necə tanıdırsan?

- Açığı, bura gələnə qədər Azərbaycan haqda geniş bilgilərə sahib deyildim. Bəzi dostlarımdan müəyyən məlumatlar əldə etməyə çalışırdım. “Neftçi”də oynamağa başlayandan sonra yaxınlarıma və dostlarıma buradakı insanların qonaqpərvərliyindən bəhs etdim. Hər imkanda adama kömək etməyə çalışırlar. Bakı da möhtəşəm şəhərdir.

- Ötən mövsüm bir dövrə ərzində 4 qolla yadda qalmağı bacarmışdın. Cari mövsümdə əvvəlki Kilanı görmürük, cəmi 1 qol vurmusan. Səbəbini nə ilə əlaqələndirə bilərsən?

- Bu il qol sayım azdır, amma assistlərim var. Ümumi hesablama aparsaq, bəlkə də ötən ilin nəticələrindən bir az geridə qalır. Amma çox geridə olduğunu düşünmürəm. Buna konkret izah vermək çətindir. İndi 1 qoldur, mövsümün sonunda 6 qol ola bilər. Futboldur, bilmək olmur. Zədəyə görə iki həftə kənarda qalandan sonra yenidən oynamağa başlamışam. Heç bir narahatlığım və ya problemim yoxdur.

- Futbolun sirlərinə Fransada yiyələnmisən və uzun illər bu ölkədə top qovmusan. Maraqlıdır, hazırda dünya çapında tanınan futbolçulardan şəxsən kim(lər)isə tanıyırsan, kiminləsə eyni komandada oynamısan?

- 15 yaşıma qədər Fransanın sayılıb-seçilən futbol akademiyalarından birində - “La Fronte”də yer almışam. Orada mənimlə yanaşı bizdən 1 yaş kiçik Kilan Mbappe, həmyaşıdlarım Markus Türam, Amin Arit, Kristofer Nkunku kimi futbolçular oynayırdı.

- İndi onlarla əlaqən var?

- Xeyr.

- Martın 3-də “Neftçi Arena”da son ölkə çempionu və hazırkı lider “Qarabağ”ı qəbul edəcəksiniz. Bu oyundan nə gözləyirsiniz?

- Hər kəs bilir ki, çox ağır oyun olacaq. Bu, komandalar arasında xüsusi oyun kimi qəbul olunur. Bu oyuna qalib gəlib, 3 xal qazanmaq üçün çıxacağıq. Heyətimizdə bacarıqlı futbolçular var ki, buna görə istəyimizə çatacağımıza inanıram.

- Boş vaxtlarını necə keçirirsən? Azərbaycan və Bakı sənin üçün nə dərəcədə maraqlı ölkə, şəhərdir?

- Adlarını bilməsəm də, yerli təamları sevirəm. Azərbaycanlı dostlarım məni evlərinə dəvət edəndə milli yeməkləri dadmaq imkanım olub. Burada keçirdiyim vaxta gəlincə, hər dəfə ailəmlə danışanda insanların qonaqlara kömək etmək həvəsini, Bakının işıqlı və gözəl şəhər olmasını qeyd edirəm. Asudə vaxtım çox olmasa da, bəzən gəzintiyə çıxıram. Məsələn, bir neçə gün Qusara səfər etmişdim və oranı çox bəyəndim. İnanılmaz görüntülərin, mənzərəli dağların şahidi oldum.

(Sportinfo.az)

Xəbər xətti