"Qəbələ" Azərbaycan Kuboku yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Zirə"yə 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hər iki komandanın ifasında maraqlı oyun oldu. Hücumda çox top itkilərinə yol verdik. Rəqib də bundan istifadə edib qol vurdu. İkinci yarıda dəyişikliklər etdik. Meydana daxil olanlar oyunu dəyişməyə cəhd etdilər. Bununla üstünlük əlimizə keçdi. "Zirə" artıq əks-hücumlara güc verirdi. Kombinasiyalı hücumla maraqlı qol vurduq. Rəqibin vurduğu qolların qarşısını almaq olardı. Xüsusilə də ilk qolu. Bununla hər şey bitmir. Oyunu təhlil edəcəyik. Təhlildən nəticə çıxarıb cavab görüşünə hazırlaşacağıq.
- Qapıçılar sizi tam qane etmir?
- Qapıçılarla bağlı suallar var. Onlarla danışacam.
- Futbolçulara iradlarınız var idi. Onlar əsas hansı vəziyyətlərdə sizi narazı salır?
- Çox top itkilərinə yol verirlər. Hücumda sadə oynamırdıq. Epizodlar oldu ki, hücumçulara top gəlirdi, amma çox sadə şəkildə topu itirirdilər. Rəşad Sadıqov çox yaxşı komanda formalaşdırıb. Bəzi epizodlarda biz də hücumda yaxşı idik. Hələ qarşıda cavab oyunu var. Bir qol hər şeyi həll edə bilər.
- Komandanın sanki fiziki cəhətdən problemi var. Siz necə düşünürsünüz?
- Sizinlə razı deyiləm. Fiziki cəhətdən problemimiz yoxdur. Oyunun sonlarına yaxın da komanda çox hərəkətli idi. Hücumçuların imkanları reallaşdıra bilməməsindən narazıyam. Bu da futbolçuların fərdi keyfiyyətlərindən irəli gəlir.
Elçin Əlixan
saytlarin hazirlanmasi