"Kəpəz" in futbolçusu Latir Fal klubun mətbuat xidmətinə müsahibə verib.
Sportal.az xəbər verir ki, 30 yaşlı portuqaliyalı yarımmüdafiəçi komandasının Azərbaycan Premyer Liqasındakı çıxışı barədə fikirlərini bildirib.
- "Qarabağ"a qarşı oyun uğursuz nəticə ilə yadda qaldı. Futbolçular həmin matçdan nəticə çıxarıb?
- Bərbad oynadıq, bu da hesabda əks olundu. Meydanda mübarizəmiz aşağı səviyyədə idi. Amma bu oyundan nəticə çıxarmışıq, səhvlərimizi təhlil etmişik. İrəliyə baxırıq.
- Öz oyununuz haqqında nə deyə bilərsiz?
- Yaxşı bir şey fikirləşmirəm. Qol vursam da, çıxışımdan narazıyam. Çünki həm özüm, həm də komandamız bundan daha yaxşısını bacarır.
- Yaradıcı oyun üslubuna üstünlük versəniz də, bəzən meydana sonradan daxil olduğunuzu görürük. Bu məqam sizi sıxmır?
- Ehtiyatda oturmaq hər bir futbolçunun xoşlamadığı bir şeydir. Eləcə də mənim. Bu, normaldır. Amma mən məşqçinin seçiminə, qərarına hörmətlə yanaşıram.
- Sonuncu dövrə başlayıb. Qarşıdakı oyunlar barədə nə düşünürsüz?
- "Qarabağ"la matçdakı kimi oynamamalıyıq. Öz oyunumuzu daha yaxşı şəkildə göstərsək, uğurlu nəticələr qazana bilərik. Buna gücümüz var.
- Komanda elitada qala biləcək?
- Demək olar ki, növbəti mövsüm üçün yerimizi müəyyən qədər təmin etmişik. Amma rahatlaşmaq olmaz. Düzdür, xal fərqi böyükdür. Bununla belə qarşıda 8 matç var. Mübarizə davam edir.
- Ramazan ayı necə gedir?
- Hər şey yaxşıdır, yolundadır. Orucumuzu tutub, dualarımızı edirik. Azərbaycan müsəlman ölkəsidir. Heç bir çətinlik yoxdur. Çətinlik Afrikada olur. Çünki orada hava daha istidir. Burada bədənin suya tələbatı çox deyil. Ramazanda bədən zəifləyir ki, əslində normal bir şeydir. İdmançılar daha çox enerji sərf edirlər və cəmi iki dəfə qidalanmaq məcburiyyətindədirlər.
- İftarda necə qidalanırsız?
- Orucu hamı kimi su və xurma ilə açıram. Namazdan sonra yeməyə otururam. Qida qəbulunda yumurta və ət xörəklərinə üstünlük verirəm. İftarı oyundan öncə və matç günləri komanda yoldaşlarımla bir yerdə edirik.
saytlarin hazirlanmasi