Adil Şükürov: "Qəbələ" Premyer Liqada qalmalıdır"

17:55 - 28 Aprel 2024

"Kəpəz" Azərbaycan Premyer Liqasının 32-ci turunda səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bütün "Kəpəz" azarkeşlərinə təşəkkür edirəm və onları təbrik edirəm. Komanda mübarizə apardı, döyüşdü. Üç xalı alın tərimizlə qazandıq. Yeni mərhələyə keçirik. Bizdən öndə olan rəqibi keçməyə çalışacağıq.

- Uğurunuzun sirri nədir?

- Rəhbərlikdən tutumuş, bütün işçilərə kimi hamının əməyi var. Hər kəs yumruq olaraq birləşdi. Bu gün bunun nəticəsini gördük. Bundan sonra yeni hədəflər var. Onlara doğru getməliyik.

- Sizcə Premyer Liqada komanda sayı artırılmalı və "Qəbələ" çempionatda qalmalıdır, yoxsa idman prinsipləri qorunmalıdır?

- "Qəbələ" barədə onu deyə bilərəm ki, bu klub Azərbyacan futboluna çox fayda verir. Burada olan infrastruktur ölkədə ən yaxşısıdır. "Qəbələ"də futbolun sirlərini öyrənən bütün uşaqlara yardım etməliyik. Məncə, "Qəbələ" Premyer Liqada qalmalıdır.

- Növbəti oyunlarda gənc oyunçulara şans verəcəksiz?

- Bu gün əsas heyətdə Cavadı meydana buraxdıq. Digər uşaqları da komandaya cəlb edirik. Hər futbolçuya şans veriləcək. Sadəcə olaraq oyunçular bu şansı qazanmalıdır.

- "Kəpəz"ə baş məşqçi təyin olunmamışdan öncə bir neçə il işsiz qaldınız. Sizə qarşı haqsızlıq olduğunu düşünmürsüz?

- "Zirə"dəki ilk ilimdə gümüş medal qazandıqdan sonra mənim üçün böyük şans oldu. Həmişə əsas komandanın quruculuğunda düzgün yolda olmuşuq. Akademiya qurulmasında da işimizi davam etdirdik. Tovuzda, Naxçıvanda akademiyanln qurulmasında böyük rolumuz oldu. Vaxt itirdiyimi düşünmürəm. Əksinə, öz işimizi daha da yaxşılaşdırdıq. Küskünlüyüm yoxdur. Mənim üçün şans oldu ki, həm insanları tanıdım, həm də işimi təkmilləşdirdim.

Elçin Əlixan

Xəbər xətti