Asif Əsgərov: "Qarabağ"ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür"

18:53 - 21 May 2024

“Real” Çempionlar Liqasının qalibi olarsa, “Qarabağ”ın 2024/25 mövsümündə Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlayacağı rəsmən təsdiqlənib.

Sportal.az Futbolinfo.az-a istinadən xəbər verir ki, bu haqda UEFA-nın Yarışların Təşkili Komitəsinin, eyni zamanda “Qarabağ” Klubunun İdarə Heyətınin üzvü Asif Əsgərov məlumat verib.

“Əlbəttə, hazırda Çempionlar Liqasının və digər yerli liqaların bitməsini gözləməliyik. Çünki bəzi klublar var ki, reytinqi bizdən yüksəkdir, amma onların hazırda bizi ötməsi ehtimalı görünmür. “Real” yarışın qalibi olarsa, yeni mövsümdən “Qarabağ”, eləcə də Macarıstanın “Ferensvaroş” klublarının ÇL-ə ikinci təsnifat mərhələsindən başlaması ehtimalı böyükdür. Bu, hər iki klubun reytinq əmsalının yüksək olması ilə əlaqədardır” – deyə Asif Əsgərov bildirib.

Qeyd edək ki, Azərbaycan çempionu ÇL-ə 1-ci təsnifat mərhələsindən başlayır. Lakin yeni mövsüm avrokubokların formatının dəyişməsi UEFA reytinqi yüksək olan “Qarabağ”ın ÇL yolunu qısaldacaq. Bu, artıq İspaniya çempionu kimi ÇL-ə vəsiqəni təmin etmiş “Real”ın Çempionlar Liqasının qalibi olması sayəsində mümkün olacaq.

ÇL-in finalı iyunun 1-də “Real” və “Borussiya” (Dortmund) komandaları arasında Londonda keçiriləcək.

Xəbər xətti