Sponsor 15 milyonluq təkliflə klubun qapısında - O, getməsə, biz gəlmirik

15:34 - 31 May 2024

Uzun müddətdir "Kəpəz"də davam edən qeyri-müəyyənliyə yaxın günlərdə son qoyulacaq.Aydın olacaq ki, Gəncə klubu növbəti mövsümə iddialı başlayacaq, yoxsa son 2 ildəki kimi. "Sarı-göylər"i himayəsinə götürmək istəyən potensial sponsor var və biz hələ bir müddət bu barədə konkret məlumat vermişik.

Sportal.az "sportinfo"ya istinadən xəbər verir ki, "F Holdinq" iddiasını ortaya qoyub və planları barədə Futbolun İnkişaf Fondunu (FİF) m məlumatlandırıb. Adını çəkdiyimiz biznes təşkilatı 5 illik inkişaf projesi hazırlayıb və bura bir çox istiqamətlər aiddir.

Həmçinin bildiriblər ki, bu illər ərzində kluba nə qədər vəsait ayırmaqları mümkündür. Rəqəm az görsənməsin - hər mövsüm 3 milyon xərcləməyə hazırdırlar. Şərtləri isə dəyişməz qalır - onlar İlqar Nadirinin İdarə Heyətinin sədr postundan getməsini istəyirlər. Şirkətin mövqeyi budur ki, o, idarəçilik aparatında qalarsa, "Kəpəz"i yaxşı günlər gözləmir. FİF müxtəlif vasitələrlə qarşı tərəfi dilə tutur, amma hələlik heç nəyə nail ola bilmirlər.

Və bu minval çox narahatedicidir. Nadiri istefa verməsə, «Kəpəz» yenə yerlərdə sürünəcək. Ən maraqlı duruş sərgiləyən isə Adil Şükürovdur. Ötən ilin payızında Azər Məmmədovun yerinə gəlmiş mütəxəssis iddiasız «Kəpəz»də çalışmağı daha istəmir.

Komandanı Premyer Liqada saxlamış baş məşqçi ona verilmiş vədlərin puç çıxmasından narahatdır. Düzdür, Şükürovu Gəncəyə Nadiri gətirib, ancaq «F Holdinq»də də onun yaxın dostları fəaliyyət göstərir. Başqa sözlə, yuxarı baxır, bığdır, aşağı baxır, saqqal. Belə deyək, Adil bəy hazırda kəsilə-kəsilə qalıb.

Xəbər xətti