"Renat Dadaşov "Hatayspor"a xeyir verdi, istedadlı futbolçudur. Göstərdiyi performans da ortadadır. Komandamız üçün nə qədər dəyərli olduğunu sübut etdi. Xüsusən də, "Ankaragücü" ilə görüşdə vurduğu qol, şans verildiyi zaman göstərdiyi mübariz ruhu ilə Superliqada qalmaq mübarizəsində önəmli bir rol oynadı. Üstəlik, Renat bizimlə keçirdiyi qısa müddətdə həm meydanın içində, həm də meydandan kənardakı peşəkarlığı ilə nümunə göstəriləcək idmançıdır".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Hatayspor"un idman direktoru Fatih Kavlak deyib.
"Qəbələ"nin keçmiş baş məşqçisi milli komandamızın forvardı, icarə əsasında "Hatayspor"da oynamış Renat haqda danışıb. O, müqavilə ilə "Qrasshopper"ə məxsus olan Renatın yeni sezona da Türkiyə klubunda başlayıb-başlamayacağı ilə bağlı hələ ki, konkretliyin olmadığını söyləyib:
"Düzünü deyim, Renatın "Hatayspor"dakı gələcəyi ilə bağlı danışmaq üçün erkəndir. Klubda hələ ki, qarşıdakı mövsümün planlaşdırılması başlamayıb. Məncə, qısa zamanda bu yöndə də çalışmalara başlayacağıq. Onunla bağlı gələcəktəki planlarımızı dəyərləndirmək üçün məşqçilər korpusu və rəhbərliklə detallı analiz edib, qərarımızı verəcəyik".
Qeyd edək ki, Dadaşov mövsümün əvvəlində "Qrasshopper"dən "Hatayspor"a bir illik icarəyə verilmişdi. Türkiyə klubu istəsə, onun transfer hüququna sahib çıxa bilər.
saytlarin hazirlanmasi