Ötən axşam Albaniya ilə yoxlama görüşündə üz-üzə gələn millimizin tək təsəllisi son dəqiqələrdə böyükhesablı məğlubiyyətdən qurtulmaq oldu. Komandamızın yeganə qolunun müəllifi Musa Qurbanlı Macarıstanda baş tutan görüşdən dərhal sonra bu ölkəyə ezam olunan Sport24.az-ın əməkdaşının suallarını cavablandırdı.
- Qolu şərh etməni istərdim. Ev tapşırığına oxşadı...
- Sırf ev hazırlığıydı deməzdim. Sadəcə, əvvəlcə uzaq küncə tərəf yönəldim, ancaq Qismətin ötürməsinin daha arxaya getdiyini görüncə, topun hara gələ biləcəyini təxmin etdim və lazımi yerdə olaraq qol vurdum.
- Ardıcıl 2-ci dəfədi fərqlənirsən. Daha öncə də Bolqarıstanla matçda millimizin yeganə qolunun müəllifi olmuşdun. İşdahın artmır?
- Əlbəttə! Milli komandada qol vurmaq qürurverici və xoşdu. Bu gün yığmada qol vurmağım həm özümə inam, həm də klubumda daha çox şans qazanmağım üçün də vacibdi.
- Arif müəllimə oyundan sonra sual verildi ki, Musaya start heyətində yer vermək daha doğru olmazdımı? O isə dedi ki, funksional hazırlığı 90 dəqiqə oynamağa imkan vermir. Bununla razısanmı?
- Təbii ki, baş məşqçi kimin nəyə qadir olduğunu hamıdan yaxşı bilir. Bundan başqa dediyində də reallıq var. Zatən son zamanlar komandamda şans qazana bilmirəm.
- İrəlidə Qazaxıstanla oyun var. Həmin matçda da fasilədən sonra oyuna daxil olmaqla qol vursan, yığmanın uzun illərdi bombardiri olan atanın nəticəsi üfüqdə necə görünəcək?
- Atamın milli komandada bombardir olması mənim üçün ayrıca fəxrdi. Amma hələlik bu barədə fikirləşmirəm, hələ atama çatmağa uzun yol var. Amma hər oyunda qol vurmağım xoş olar.
- "Qarabağ"a keçidin demək olar həll olub. Bu qayıdış icarə əsasında olacaq yoxsa Ağdam təmsilçisi tam hüququnu alacaq?
- Bu barədə indidən nəsə deməyim düz çıxmır. Hələ də "Yurqorden"lə müqaviləm davam edir. Məsələ tam rəsmləşəndən sonra nəsə demək olar.
- Bu mövsüm "Qarabağ" üçün çox uğurlu alındı. Necə düşünürsən, Musa ilə "Qarabağ" daha güclüdü yoxsa Musasız?
- "Qarabağ" həmişə güclüdü. Hər il də heyətini qorumaq və yeni futbolçular transfer etməklə daha da güclənir. Ağdam klubu ildən-ilə daha da gücünə güc qatır. Ona görə də mənlə və ya mənsiz daha güclüdü demək bir qədər düz çıxmır. Oyunçular dəyişdikcə komanda keyfiyətində heç bir problem yaranmır.
- Qurban Qurbanov dolayısı ilə olsa da etiraf edirdi ki, Musa oğlum olduğu üçün ona layiq olduğu qədər şans vermirəm. İrəlidə isə Juninyo kimi son bombardirlə rəqabət gəlir...
- Yuxarıda qeyd etdiyim kimi, hələ harda çıxış edəcəyim rəsmləşməyib. Amma özümə həmişə inanıram, maksimum işimi görməyə çalışıram. Rəqabətdən çəkinmirəm. Kim məqşlərdə səylə çalışırsa, o da uğur qazanacaq.
- Çeynənmiş sual olsa da, sənə də ünvanlayıram. Millidə yerli yoxsa əcnəbi baş məşqçi yer almalıdı? Sənə kimlə işləmək daha rahat olar?
- Bu sual mənə əvvəllər də verilmişdi. Hesab edirəm ki, cavab verməyim düzgün deyil. Bir futbolçu kimi işim meydana çıxıb layiqincə çıxış etməkdi. Qalan məsələlər mənim səlahiyyətimə aid deyil.
- Millətlər Liqasında nəyə ümid edirsiz?
- İldən-ilə artırmaq istəyirik. Öz oynumuzu yaxşılaşdırmaqla maksimun irəli getmək və daha çox xal toplamağı hədəfləyirik.
saytlarin hazirlanmasi