"Sponsor olmayacağı təqdirdə, yalnız bəzi matçlarda istədiyimizi tam həyata keçirə bilərik" - MÜSAHİBƏ

12:54 - 10 İyun 2024

"Kəpəz"in baş məşqçisi Adil Şükürov Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz"la adınız çox hallanırdı, amma "Kəpəz"də qalmaq istədiyiniz deyilirdi. Niyə məhz "Kəpəz"də qalmaq istədiz?

"Kəpəz" köklü komandalarımızdandır. "Turan Tovuz" isə ilk dəfə Azərbaycanı avrokuboklarda təmsil edib. Adımın bu komandalarla yanaşı hallanması mənim üçün sevindirici haldır.  

- Yeni mövsüm "Kəpəz"i iddialı görəcəyik, yoxsa bu mümkün deyil?

- "Kəpəz"in iddialı duruma gəlməsi üçün klub olaraq da inkişaf etməliyik. Buna görə maliyyəmiz daha dayanıqlı olmalıdır. Mümkünsüz heç nə yoxdur. Bunu ötən mövsümün üçüncü dövrəsində göstərdik. Amma nə qədər acı olsa da, gərək etirafk edək ki, sponsor olmayacağı təqdirdə yalnız bəzi matçlarda istədiyimizi tam həyata keçirə bilərik. Onu da əlavə edim ki, indiki halda Premyer Liqada yerimizi qorumaq ötən mövsümkündən də çətin olacaq. Unutmayaq ki, ev oyunlarımızı yenə də səfərdə keçirəcəyik. Digər klublarımızın büdcəsinin də bizdən nə qədər çox olduğunu hər kəs bilir.   

- Yeni mövsüm rəqiblərinizi Tovuzda, yoxsa Qəbələdə qəbul edəcəksiz? 

Bu yaxınlarda "Turan Tovuz" rəhbərliyinin verdiyi müsahibədə də bildirdi ki, stadionda bir çox dəyişikliklər olacaq. Bunlardan biri də ot örtüyünün dəyişdirilməsidir. Bu halda biz Qəbələ şəhər stadionuna üz tutmalı olacağıq. Lakin bu məsələ klub rəhbərliyi tərəfindən müzakirə olunur.

- Gəncədə oynamamağınız komandanın nəticələrinizə nə dərəcədə təsir edəcək?

Komandamız Qəbələ şəhər stadionunda daha uğurlu oyunlar keçirdi.  

- Artıq Elçin Əlicanov "Zirə" ilə anlaşıb, Junior Martinşin isə "Sabah"a yaxın olduğu bildirilir. Hansısa legionerlərin, futbolçuların komandada qalmasını həll etmisiz?

Biz həmişə qeyd edirik ki, güclü komanda formalaşdırmalıyıq və bu halda komandamız ayrı-ayrı futbolçuların çıxışından asılı olmamalıdır. Lakin komandamızdan ayrılan futbolçular komandamıza çox fayda verən oyunlar oynayıblar. Buna görə də, onların hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm.

- Deyəsən, maliyyə imkan verməyəcək ki, aparıcı oyunçularınızı komandada saxlayasız?

- Maliyyə durumumuz hansı futbolçularımızı saxlamağa imkan versə, onları komnadamızda saxlayacağıq. Gedən oyunçularımızı isə yeni oyunçularla əvəz edəcəyik. 

Mirbağırağa

Xəbər xətti